DNT əsaslı ilk vaksin hazırlandı - Koronavirusun mutasiyalarına qarşı təsirlidir

10:37 / 21.08.2021
1039
Hindistan dünyanın ilk DNT əsaslı yeni tip koronavirus (Kovid-19) peyvəndinin təcili istifadəsini təsdiqləyib.
Sfera.az xəbər verir ki, ölkənin Elm və Texnologiya Nazirliyindən verilən yazılı açıqlamada Hindistan əczaçılıq şirkəti "Zydus Cadila" tərəfindən hazırlanmış üç dozalı "ZyCoV-D" peyvəndinin təcili istifadəsinin təsdiqləndiyi açıqlanıb.
"ZyCoV-D" peyvəndinin COVID-19 mutasiyalarına qarşı da təsirli olduğu vurğulanıb və 12-18 yaş arası şəxslərə belə tətbiq edilə biləcəyi qeyd olunub.
28 mindən çox könüllünün iştirak etdiyi araşdırmaların ilk nəticələrinə görə, "ZyCoV-D" peyvəndi 66,6. faiz təsirlidir.
Qeyd edək ki, indiyə qədər Hindistanda istifadə üçün təsdiq edilmiş 6 COVID-19 peyvəndi var.
Ölkədə bu vaxta qədər 570 milyon dozadan çox COVID-19 peyvəndi tətbiq edilib. May ayında 414 min koronavirusa yoluxma qeydə alınsa da, bu rəqəm artıq aylıq olaraq 40 minədək enib.
Hindistanda yoluxanların ümumi sayı 32,3 milyonu keçib, epidemiya səbəbindən 433 min 998 nəfər ölüb.
Əzizə Zeynal
Sfera.az