Abituriyentlər ixtisas seçimi edərkən nəyə diqqət etməlidir? – Ekspertdən açıqlama

11:12 / 20.08.2021
1219
"İxtisas
seçimi qəbul imtahanlarında kifayət qədər ciddi rola malikdir. Çünki bəzi illərdə
yüksək bal toplayanlar məhz doğru ixtisas seçimi etmədiklərinə görə tələbə
adını qazanmaqdan məhrum olublar”.
Bunu
Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Müsahibimiz qeyd
edib ki, ixtisas seçimi zamanı
abituriyentlər çox diqqətli olmalıdırlar:
"Burada bir
neçə məsələ xüsusilə qeyd olunmalıdır. Abituriyentlər heç bir halda kiminsə
müdaxiləsi ilə ixtisas seçimi etməməli və bilməlidirlər ki, gələcəkdə
oxuyacaqları ixtisaslar özlərinin peşəkar kadr kimi formalaşmasına təsir göstərir.
Digər tərəfdən abituriyentlər əmin olmalıdırlar ki, ixtisas seçimi elektron
qaydada keçirilir və onun yoxlanılması zamanı hansısa kənar təsir yoxdur. Yəni, kimsə "mən sizi hətta az balla tələbə
edəcəm” desə, inanmaq olmaz, yanlışdır. Hər bir kəs yalnız qəbul imtahanında
topladığı bal əsasında ixtisas seçimi edə bilər. İstər 150, istər 200 balı
keçmiş bütün abitruyentlər qəbul olmaq imkanına malikdirlər. Burada ciddi təhlilə ehtiyac yoxdur.
Xüsusilə 2-ci ixtisas qrupundan 150, 200 balı keçən, təbii ki, blok üzrə 50 və
100 bal toplayanlar birmənalı şəkildə tələbə adı qazanacaqlar.
Onlar
ixtisas seçimi zamanı yalnız "Abituriyent 2” və "Abituriyent 4” jurnalına baxmaqla ixtisas seçimi edə
bilərlər. Ümumilikdə ixtisas seçimi edərkən təkcə iki saylı abituriyent jurnalı
və burada keçən ilin mütləq formalaşmış müsabiqə şərtləri əsas deyil. Çünki keçən
il hansı balla abituriyentin qəbul olunması bilinmir. Digər tərəfdən
abituriyentlərin sayı, plan yeri ciddi məsələdir. Keçən ilki abituriyentlərin
sayı, onların topladığı bal, eyni zamanda ötən ilki plan yerləri birmənalı şəkildə
ixtisas seçiminə öz təsirini göstərir. Yaxşı olardı ki, bu ilki və keçək ilk Abituriyent
4 jurnalını müqayisə etsinlər, hər iki ilin – yəni 2020 və 2021-ci ilin
Abituriyent 2 jurnalını. Seçdikləri ixtisaslar üzrə formalaşmış fərqə
baxsınlar”.
Ekspertin
sözlərinə görə, bəzi hallarda abituriyentlərə kimsə ixtisas seçimi edir və məlum
olur ki, onların təhsil haqqını ödəmək imkanı yoxdur:
"Buna görə də
ixtisas seçimi zamanı məhz təhsil haqqı ilə ciddi şəkildə maraqlanmalıdırlar. Həmçinin
ixtisas seçimi edərkən abitruyentlər xüsusi düstürlara da diqqət etməlidirlər.
Belə ki, ixtisas seçimi edərkən 15 ixtisas kodu qeyd olunmalıdır. İlk 5-liyə
2-ci ixtisas qrupunda topladıqları baldan maksimum 20-30 bal yüksək yeri yaza
bilərlər, 3-cü ixtisas qrupunda o qədər də yüksək ballar tövsiyə olunmur, 4-cü
ixtisas qrupunda da buna ehtiyac yoxdur. 11-15-ci yerlərdə ən azı öz
topladıqları baldan 50 bal aşağı ixtisaslar seçməlidirlər. Bu, xüsusən 3-cü və
4-cü qrupun abitruyentlərinə aiddir ki, müsabiqə şərti yüksələndə qəbul ola
bilsinlər. Ümumiyyətlə, gələcək kariyeranı düşünüb ixtisas seçmək məqsədəuyğundur,
təkcə tələbə adını qazanmaq üçün yox. Ali təhsil müəssisəsinə qəbul olmaq xətrinə
ixtisas seçimi edən sonradan işlə təmin olunma sahəsində ciddi problemlər
yaşayır. Bu istiqamətdə valideynlərə də tövsiyə edirəm ki, öz övladlarına təzyiq
göstərməsinlər”.
Günay Rəsulqızı