Rusiyanın ixrac etdiyi buğda kəskin bahalaşıb

Rusiyanın ixrac etdiyi buğda kəskin bahalaşıb
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin 2021-2022-ci illərdə dünyada buğda istehsalının azalacağı ilə bağlı verdiyi proqnoz Rusiyanın ixrac etdiyi buğdanın kəskin bahalaşmasına səbəb olub. 

Sfera.az xatırladır ki, ötən həftə ABŞ yayımladığı icmalda bu ölkədə, Rusiya və  Kanadada əlverişsiz hava şəraiti ilə əlaqədar buğda istehsalının azalacağını təxmin edib. Amerikalılar hesab edir ki, istehsalın azalması ixracın da azalmasına səbəb olacaq. 

Bu məlumatın ardından Rusiyanın Novorossiysk limanında bir ton buğdanın ixrac qiyməti 20 dollar artaraq 287 dollara çatıb.

Analitiklər Rusiyada buğda yığımı ilə bağlı proqnozlarını azaltmağa davam etdirir. Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ölkədə 2021-ci ilin avqustun 6-na kimi 68,2 milyon ton taxıl istehsal edilib. Yığılan taxılın 51,8 milyon tonu buğdadır. 

Məlumatlara görə, ötən həftə Rusiyanın taxıl əkilən əksər regionlarında havanın temperaturu normadan yüksək olub. Temperaturun yüksəlməsi Rusiyada məhsuldarlığa mənfi təsir göstərir. Çünki Rusiyada taxıl əkilən ərazilərin böyük əksəriyyəti dəmyədir, burada havaların çox isti keçməsi torpaqda nəmliyin aşağı düşməsinə və nəticədə məhsuldarlığın azalmasına səbəb olur. 

Məhsul istehsalının azalacağına dair açıqlanan proqnozlar Rusiyadan taxıl ixracının da azalmasına gətirib çıxarır. Rusiya 2021-ci ilin iyulun 1-dən avqustun 12-nə kimi 3,3 milyon ton taxıl ixrac edib ki, bu da 28 faiz azalma deməkdir. Buğda ixracı isə 25 faiz azalaraq 2,7 milyon tona düşüb. 

Proqnoza görə Rusiya avqustda 4 milyon ton buğda ixrac edəcək. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR