Azərbaycanda buğda bahalaşacaq

11:57 / 13.08.2021
851
2021-ci ilin may və iyun aylarında qlobal bazarlarda buğdanın qiymətində stabilləşmə, hətta bir qədər azalma baş versə də, son bir ayda yenidən bahalaşma müşahidə edilir. Bu ilin mayında bir ton buğdanın qiyməti 278 dollara çatmaqla rekord qırmışdı. Amma iyunda qiymətlər nəzərəçarpacaq dərəcədə azalaraq 239 dollar oldu.
Azalma dinamikası iyulda davam etmədi və qiymətlər yenidən yüksəlişə keçdi. Belə ki, buğdanın qiyməti iyulda 257 dolları, avqustda 275 dolları ötüb. Nəticə göstərir ki, iyundakı qiymət azalması artıq aradan qalxıb
.
Sfera.az bildirir ki, buğda qiymətlərinin yenidən yüksəlişə keçməsi quraqlığın olması və əsas ixracatçı ölkələrdən olan Rusiyanın xaricə buğda satışını azaltmasıdır.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin avqust ayına dair açıqladığı icmal məlumatdan görünür ki, Rusiya buğda istehsalını və ixracını daha da azaldacaq. Proqnoza görə istehsalda azalma 12 milyon tonu keçəcək və 85 milyon tondan 72,5 milyon tona düşəcək.
İstehsalın azalması ilə əlaqədar Rusiyadan 2 il (iyul 2020 - iyun 2022) ərzində ixrac 40 milyon tondan 35 milyon tona düşəcək. Qarşıdakı bir ildə isə ixrac 15 milyon tondan 10 milyon tona enəcək.
Qeyd edək ki, Azərbaycan buğdaya olan tələbatının təxminən 40 faizini idxal hesabına ödəyir. İdxal buğdasının böyük hissəsi isə Rusiyadan gətirilir. Buna görə də Rusiyadan ixracın azalması və qiymətlərin yüksəlməsindən Azərbaycan da əziyyət çəkəcək.
Vasif
Sfera.az