İran prezidentinin təyin etmək istədiyi nazir - "İsraili hər an dağıda bilərik"

İran prezidentinin təyin etmək istədiyi nazir -
"İbrahim Rəisi əsas postlara İslam Keşikçiləri Korpusuyla sıx bağlı olanları və anti-Qərb meyilli namizədləri irəli sürüb".

Sfera.az xəbər verir ki, bunu İranda yeni qurulacaq Nazirlər Kabinetinin tərkibi ilə bağlı danışarkən politoloq Elxan Şahinoğlu deyib. Politoloq siyahıda İsrailə qarşı açıq qəzəb nümayiş etdirən yeni nazirin təklif edildiyini bildirib:
 
"İran prezidenti İbrahim Rəisi bu gün parlamentə nazirlər kabinetinin siyahısını məktubla göndərib. Parlament nazirləri avqustun 22-dəki iclasında müzakirə edəcək. Xarici işlər naziri vəzifəsinə irəli sürülən Hüseyn Əmir Abdullahiyan "Sepah”ın "Qüds” briqadasına yaxın şəxsdir. O Qərbə və İsrailə nifrət edən açıqlamaları ilə yadda qalıb. "İsraili hər an dağıdıb, onun şəhərlərini viran qoya bilərik” deyən yeni nazir ali dini lider Əli Xameneyi və "Hizbullah”ın lideri Həsən Nəsrullahla yaxınlığı ilə tanınır. Rəisinin daxili naziri postuna irəli sürdüyü Əhməd Vəhidi də beynəlxalq aləmdə böyük rezonans doğurub. Əhməd Vəhidi 1994-cü ildə "Sepah” və ETTELAAT-a  bağlı qüvvələrin Argentinanın paytaxtında yəhudilərə məxsus "Amya” mərkəzində törətdiyi terror aktında iştirakda şübhəli bilinir. Həmin partlayış zamanı 80-dən çox insan həlak olmuşdu. O 2007-ci ildən İnterpoul-un axtarış siyahısındadır".

Politoloq İranın qarşısında 5 problemin olduğunu bildirib:

"Beləliklə, İbrahim Rəisi kabineti də özü kimi mühafizəkarlardan formalaşdırıb. Parlamentdə mühafizəkarların çoxluqda olduğunu nəzərə alaraq nazirlərin təsdiq olunacağı şübhə doğurmur. Yeni nazirlərin qarşısında titanik problemlər var. Birincisi, İranda pandemiya tüğyan edir, virusa yoluxma və ölüm halları azalmır, vaksin çatışmır. İkincisi, pandemiya və sanksiyalar iqtisadiyyatı çökərdib, sosial problemlər artıb. Üçüncüsü, Tehranın Vaşinqtonla "nüvə anlaşması” danışıqları dalana dirənib. Dördüncüsü, İran İsraillə müharibə astanasındadır. Beşincisi, Tehranın ərəb dünyasının bir hissəsiylə də münasibətləri gərgindir. Bu problemləri islahatçı adlanan keçmiş prezident Həsən Ruhani və komandası həll edə bilmədi.  Mühafizəkarlrın şansı nə qədərdir – bunu zaman göstərəcək".

Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR