Azərbaycanda özəl sektor iqtisadiyyatın lokomotivinə ÇEVRİLİR

Azərbaycanda özəl sektor iqtisadiyyatın lokomotivinə ÇEVRİLİR
Liberal bazar iqtisadiyyatının əsas prinsiplərindən biri dövlətin istehsal proseslərindən mümkün qədər kənarda dayanması və özəl fəaliyyətə geniş imkanlar yaratmasıdır. Bu dəyərləri üstün tutan ölkələrdə dövlət iqtisadi proseslərin yalnız tənzimləyicisi kimi çıxış edir, bazarlara mümkün qədər az müdaxilə edir. 

Azərbaycan da liberal prinsipləri üstün tutduğundan ümumi daxili məhsul (ÜDM) istehsalında özəl sektorun payının maksimum həddə çatdırılması üçün dövlət tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Özəlləşdirilmənin davamlı aparılması, xüsusi mülkiyyətə verilən sahələrin dairəsinin genişləndirilməsi, yeni sahibkarlıq subyektlərinin yaradılması buna misaldır.
 
Lakin bütün tədbirlərə baxmayaraq hələ də iqtisadiyyatın bir sıra sahələrində ÜDM-nin formalaşdırılmasında dövlətin iştirakı yüksəkdir. Bu hal xüsusilə xidmət sektorunda belədir. İstehsal sferasında isə dövlət rolunu tədricən minimuma endirməkdədir. Yalnız sənaye sahəsində dövlətin iştirak payı 14 faizin üzərindədir. Böyük özəlləşmənin olacağı təqdirdə ÜDM istehsalında dövlət bölməsinin payı bir faiz səviyyəsinə enəcək. 
 


ÜDM istehsalının 81 faizi özəl sektorda yaradılır

2020-ci ilin məlumatına görə özəl bölməsinin ÜDM-dəki payı 81 faiz səviyyəsindədir. 2019-cu ildə özəl bölmə əlavə dəyərin 85 faizini yaratmışdı. Ötən il pandemiyanın yaranması özəl sektorun fəaliyyətini məhdudlaşdırdığından dövlət bölməsinin payı yenidən artıb. 

Özəl sektorun ən böyük paya sahib olduğu 2 sahə var. Bunlar kənd təsərrüfatı (özəl sektorun payı 99,9 faiz) və ticarət (99,8 faiz) sahələridir. Sənayedə özəl sektorun payı 85,6 faiz, tikintidə 84,6 faiz, rabitədə 80,8 faiz, nəqliyyatda 80 faiz, sosial və sair xidmətlərdə 53,2 faizdir. Göründüyü kimi, sosial və sair xidmətlər nəzərə alınmasa, özəl sektorun payı 80 faizdən yüksəkdir. 

Özəl sektorun iqtisadiyyatda payının bu səviyyəyə çatması qısa müddətdə baş verməyib. Azərbaycanda özəlləşməyə start verildiyi 1995-ci ildə özəl sektorun payı 34 faiz idi. 2000-ci ilə qədər aqrar və ticarət, iaşə sahəsində özəlləşdirilmə yekunlaşdırıldığından burada ÜDM-nin formalaşdırılmasında özəl sektorun dominantlığı yarandı. Həmin ildə ÜDM-də özəl sektorun payı 70,8 faizə yüksəldiyi halda kənd təsərrüfatında 99 faizə, ticarət və xidmət bölməsində 98,3 faiz oldu. Sonrakı illərdə adıçəkilən sahələrdə aparılan özəlləşdirmə və digər tədbirlər sayəsində ÜDM-də özəl bölmənin payı 99,3 faiz səviyyəsinə yüksəldi. İndi bu sahələrdə özəl sektorun üstünlüyündən danışmaq olar. 

2008-ci ilə qədər özəl sektorun payının artması və maksimum həddə çatmasına neft ixracının yüksəlməsi imkan verib. Azərbaycanda beynəlxalq müqavilələrə əsasən, burada işləyən şirkətlərin əksəriyyəti özəl olduğundan bu amil öz təsirini göstərib. 2008-ci ildən sonra isə neft ixracında azalma müşahidə edilib və bu da ÜDM qeyri-dövlət bölməsinin payının azalmasına səbəb olub. 
 


Qeyri-neft sektorunun inkişafı özəl sektoru gücləndirir

Böyük özəlləşməyə başlamaqla özəl bölmənin gücünü daha da artırmaq olar. Əgər bu baş verərsə, özəl sektor sadəcə istehsal sahələrində deyil, həm də xidmət sahəsində fəaliyyət imkanlarını yaxşılaşdırar. 

İndi məşğulluğun 70 faizini özəl sektor təmin edir. Ümumi vergi daxil olmalarında qeyri-dövlət sektorunun payı 72 faizi keçib. Yeni açılan iş yerlərinin böyük hissəsi məhz qeyri-dövlət bölməsində formalaşır. Yalnız 2020-ci ildə ölkədə açılan yeni iş yerlərinin 96,3%-i özəl sektorda açılıb. Yeni iş yerlərinin isə mütləq əksəriyyəti qeyri-neft sektorunda yaradılıb. Bu göstəriciləri bir qədər də yaxşılaşdırmaq üçün özəl bölmənin iqtisadiyyatda rolunun möhkəmləndirilməsi, bura dəstəyin artırılması vacibdir. 

Özəl sektora dəstəyin əsas əlaməti qeyri-neft sektorunun inkişafı və böyüməsidir. İqtisadiyyatın qeyri-neft sahəsinə sərmayə qoyuluşunun artırılması, ucuz kreditlərin verilməsi çox önəmlidir. Burada yeni sahibkarlıq subyektlərinin yaranmasına dəstək verməklə bərabər güclü, ixrac imkanları yüksək olan şirkətlərin formalaşdırılması daha önəmlidir. Bunun sayəsində Azərbaycanın ixracında qeyri-neft sektorunun, o cümlədən özəl bölmənin payında artım davamlı xarakter alar.

Beynəlxalq təcrübə göstərir ki, özəl sektorun inkişafı üçün kiçik və orta sahibkarlığın fəaliyyətinin genişləndirilməsi də vacibdir. Qabaqcıl ölkələrdə istehsal olunan məhsul və xidmətlərin yarıdan çoxu, elmi texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqinin 80 faizi, hər yeni açılan 3 iş yerindən 2-si kiçik və orta sahibkarlığın payına düşür. Eyni zamanda kiçik və orta biznes subyektləri əhalinin tələbatına daha həssas olduğundan, bazar konyukturunun dəyişikliklərinə operativ reaksiya verib, istehsal və istehlak sferalarındakı müvafiq boşluqları daha dolğun və səmərəli şəkildə doldura bilir. 

Deməli, dövlət həm sahibkarlığı inkişaf etdirməklə, həm də özəlləşdirmə prosesini davam etdirməklə iqtisadiyyatda özəl bölmənin payını inkişaf etmiş ölkələrdə olduğu kimi 95 faizdən yüksək həddə çatdıra bilər. Bu nəticə liberal dəyərlərə sadiqliyin ən gözəl nümunələrindən birinə çevrilərdi.

Vasif
Sfera.az

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi barəsindəki bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
 

 










OXŞAR XƏBƏRLƏR