“İran nüvə silahı mövzusundan dünyaya təsir vasitəsi kimi istifadə edir” - Açıqlama

“İran nüvə silahı mövzusundan dünyaya təsir vasitəsi kimi istifadə edir” - Açıqlama
İsrailin müdafiə naziri keçən həftə BMT Təhlükəsizlik Şurasında İranın qısa müddətdə nüvə silahı yaradacağı ehtimalından danışıb. ABŞ dövlət katibi də bir neçə ay öncə İranın nüvə silahı əldə etməsinə yaxınlaşması haqda xəbərdarlıq etmişdi.

Maraqlıdır, indiki məqamda İranın nüvə silahı əldə etməsi nə dərəcədə real görünür? ABŞ-la nüvə sazişi arxa plana keçə bilərmi?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Miri İranın "bazarlıq" üçün nüvə məsələsini aktuallaşdırdığını bildirib:
 
"Nüvə reaktorunda gedən hazırlıqlar və nüvənin daha çox aktivləşdirilməsi prosesi İranın xarici siyasətinin tərkib hissəsidir. Məsələnin gündəmdə olması və İranın bunu aktiv saxlaması dolayısı ilə bu ölkənin geosiyasi maraqlarına xidmət edir. Çünki İranın nüvə silahı əldə etməsinə qarşı olan ən vacib ölkələr ABŞ və onun yaxın Şərqdəki strateji müttəfiqi olan İsraildir. Bildiyiniz kimi, Amerika Birləşmiş Ştatları İrana qarşı çox ciddi iqtisadi sanksiyalar tətbiq edib və bu qərar bu günün özündə də davam etməkdədir. Belə olduğu təqdirdə əlbəttə, ki, danışıqlar masasında nüvə reaktorunda İranın apardığı proseslər dolayısıyla bazarlıq predmeti olaraq istifadə olunur. Yəni, bir tərəfdə nüvə anlaşmasına yenidən konkret şərtlər altında qayıdılması danışıqları aparılırsa, digər tərəfdən İran əslində nüvə reaktorunda yürütdüyü prosesləri əlində güclü silah olaraq saxlamaqdadır. Çünki anlaşma çərçivəsində İranın müəyyən güzəştlərə getməyə ehtiyacı olacaq ki, əslində nüvə reaktorunda gedən proseslərin dayandırılmasını İran özü üçün böyük bir geriyə addım, güzəştli kredit kimi təqdim edəcək".

Ekspert İranın nüvə silahı ilə bağlı istəyinin yoxluğu yönündəki açıqlamalarının reallığa uyğun olmadığını qeyd edib: 
 
"Dəfələrlə İran rəsmiləri ifadə edib ki, İranın nüvə bombası düzəltmək kimi məqsədi yoxdur və Ayətullah Xameneinin bu yöndə mətbuata açıqlaması var. Ancaq İran sözdə deyil, əməldə tamamilə fərqli bir davranış ortaya qoyur. Yəni, İran dövlətinin fundamenti demək olar ki, yalan üzərində qurulub. Ona görə də dünya çapında heç kim İranın bu açıqlamalarına inanmır. Lakin dediyim kimi nüvə silahı ilə bağlı məsələ ajiotaj yaratmaq üçün diplomatik danışıqlarda ABŞ-a qarşı silah kimi istifadə olunur".
 
Müsahibimizin sözlərinə görə, İran İsrail vasitəsi ilə də ABŞ-a təsir etmək istəyir:

"ABŞ anlaşma çərçivəsində bazarlıq olaraq sanksiyaların ləğvi məsələsini ortaya gətirir və bunun müqabilində İrandan konkret istəkləri olacaq ki, bu da əlbəttə, ki, nüvə reaktorunda gedən prosesləri müəyyən mənada dayandırılması ilə bağlıdır. İsraili də narahat edən məsələ nüvə silahı ilə bağlı kifayət qədər kəşfiyyat məlumatı ala bilməməkdir. Lakin İran İsrail vasitəsi ilə də ABŞ-a təsir edə bilər. Yəni, bu cür notaların verilməsi istər-istəməz ABŞ-ı narahat edəcək".
 
Əzizə Zeynal
Sfera.az
 
 

OXŞAR XƏBƏRLƏR