Kişilər qadınlardan 1,73 dəfə çox maaş alır

Kişilər qadınlardan 1,73 dəfə çox maaş alır
Azərbaycanda kişilərin orta aylıq əməkhaqqı qadınların əməkhaqqına nisbətən 1,73 dəfə yüksəkdir.

 

 

Sfera.az Dövlət Statistika Komitəsinin 2019-cu ilə dair genişləndirilmiş məlumatına istinadən xəbər verir ki, kişilərin orta aylıq əməkhaqqı 765 manat, qadınların orta əməkhaqqı 443 manatdır.

 

 

Əməkhaqqı səviyyəsi dövlət və qeyri-dövlət bölmələrində də ciddi fərqlənir. Orta hesabla dövlət bölməsində kişilər 673 manat, qeyri-dövlət bölməsində 838 manat, qadınlar dövlət bölməsində 406 manat, qeyri-dövlət bölməsində 550 manat maaş alır.

 

Qadınlara ən yüksək maaş mədənçıxarma sənayesində və maliyyə-sığorta sektorlarında verilir. Mədənçıxarma sənayesində qadınlar orta hesabla 1812 manat, maliyyə və sığorta fəaliyyəti sahəsində 1160 manat maaş alırlar.

 

 

İqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada qadınların maaşı kişilərin maaşından yüksək olsun. Bütün sahələrdə kişilər daha yüksək əməkhaqqı alır.

 

Əməkhaqqında ən böyük fərqin olduğu sahələr peşə, elm və texniki fəaliyyət (2,3 dəfə), mədənçıxarma sənayesi (1,79 dəfə), inzibati və yardımçı xidmətlərin göstərilməsi (1,785 dəfə) sahələridir.

 

 

Ən aşağı fərq turistlərin yerləşdirilməsi və ictimai iaşə (1,16 dəfə), kənd təsərrüfatı (1,15 dəfə), ticarət (1,2 dəfə) sahələrində qeydə alınıb.

 

Qadınların daha çox çalışdığı sahə olan təhsildə isə kişilərin maaşı 1,27 dəfə yüksəkdir. Burada orta hesabla kişilər 521 manat, qadınlar 410 manat maaş alır.

 

Vasif

Sfera.az

 

 

 


OXŞAR XƏBƏRLƏR