Yol-nəqliyyat hadisələrinin 30 faizi həftəsonu baş verib - STATİSTİKA

Kriminal
16:07 / 09.08.2021
1685
2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanın avtomobil yollarında 756 yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayında 0,5 faiz azalma qeydə alınıb. Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 988 nəfər (3,7 faiz az) olub. Onlardan 290-ı dünyasını dəyişib, 698-i yaralanıb. Hadisələrin 43,5 faizi gündüz, 38,1 faizi gecə, 18,4 faizi toran vaxtı baş verib, 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 87,2 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 14,5 faiz azalaraq 213 nəfər, yaralananların sayı 0,8 faiz azalaraq 645 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 40,2 faizi nəqliyyat vasitələrinin və piyadaların, 38,1 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,7 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81,7 faizini, yaralananların isə 71,3 faizini kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 11 hadisə baş verib, nəticədə 5 nəfər həlak olub, 10 nəfər yaralanıb. Hadisələrin 81,8 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
Vasif
Sfera.az