İran Xocalı soyqırımı ilə bağlı sənəd qəbul edəcəkmi? – AÇIQLAMA

12:47 / 09.08.2021
806
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Tehranda İran Məclisinin sədri Məhəmmədbaqer Qalibaf ilə görüşü zamanı iranlı həmkarına Xocalı soyqrımını tanımağı təklif edib. Gələn il Xocalı soyqrımının 30-cü ildönümünün olduğunu bildirən xanım spiker İran parlamentinin bununla bağlı sənəd qəbul etməsini istəyib.
Bəs, İran parlamenti Xocalı soyqırımı ilə bağlı sənəd qəbul edəcəkmi?
Sfera.az xəbər verir ki, bununla bağlı öz fikrini bölüşən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunin qənaətincə, İran parlamentinin Xocalı soyqırımını pisləyən sənədin qəbulu İran-Azərbaycan münasibətlərinə müsbət təsir edərdi. Onun sözlərinə görə, bu cür davranış iki ölkə arasında olan əməkdaşlığı daha da gücləndirəcək:
"Azərbaycanın milli və təhlükəsizlik maraqları İranla qonşuluq münasibətlərinin inkişafını diqtə edir. Azərbaycan prezidenti İlham Əliyev müharibənin ilk günlərində verdiyi açıqlamada, Rusiyanın Qazaxıstan, Türkmənistan və İran səması üzərindən Ermənistana hərbi yük daşıdığını bəyan etdi. Bu Tehrana ciddi mesaj idi. Bundan sonra İran üzərindən Ermənistana hərbi yük daşımasıyla bağlı xəbərlər yayılmadı. İran rəsmiləri Azərbaycan ordusunun uğurlarının artdığını gördükdən sonra birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğuladılar. Daha sonra başda İranın keçmiş prezidenti Həsən Ruhani olmaqla İranın Azərbaycandakı səfirinə qədər qonşu ölkənin rəsmiləri verdikləri açıqlamalarda İlham Əliyevi Qarabağda qələbə münasibətilə təbrik etdilər. Yeni seçilən prezident İbrahim Rəisi də bu fikri təkrarladı. Bu ikitərəfli əlaqələr baxımından önəmli açıqlamalar idi.
Əlbəttə, suallarımız yenə var. Misal üçün İran nömrəli yük maşınları Ermənistandan Qarabağa nə daşıyırdılar? Və ya İranın Ermənistandakı səfirinin Zəngəzura gedib oradan erməni hərbçilərlə birgə Azərbaycan tərəfini müşahidə etməsinin məqsədi nə idi? Aydındır ki, səfir özbaşına, yəni Tehrandan təlimat almadan Zəngəzura gedə bilməzdi. Əgər İran rəsmiləri Azərbaycanı müharibədə qələbə münasibətilə təbrik edirlərsə və Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyirlərsə, biz Tehranın buna uyğun siyasət yürütməsini gözləməkdə haqlıyıq.
Həsən Ruhaninin prezidentliyi dövründə ikitərəfli təmaslar, o cümlədən Tehrandan Bakıya və əks istiqamətdə nümayəndə heyətlərinin səfərləri artdı. Tehran Bakı ilə birgə regional layihələrə maraq göstərməyə başladı. Hazırki prezident İbrahim Rəisi bu layihələri davam etdirməklə yanaşı İran şirkətlərinin Qarabağda yenidənqurma işlərində iştirak etməsini istəyir. Biz də bunu istəyirik”.
E.Şahinoğlunun fikrincə, biz elə etməliyik ki, İran həm sözdə, həm də əməldə Azərbaycanla əməkdaşlığı və tərəfdaşlığı seçsin, Ermənistanı hər hansı bir şəkildə nəyəsə həvəsləndirməsin:
"Tehran Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyib Ərdoğanın irəli sürdüyü altılıq (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya və İran) təklifini dəstəkləyib. Bu o deməkdir ki, Zəngəzur dəhlizinin işə düşməsi İranın da maraqlarına cavab verir. İran Qərbin sanksiyaları ilə üz-üzədir və bu sanksiyaların yumşalacağı gözlənilmir. Buna görə də Azərbaycan İran üçün dünyaya açılan pəncərələrdən biridir, şimal-cənub nəqliyyat dəhlizi İran mallarının Avropaya daşınmasına imkan yaradır. Tehran bu əməkdaşlığın dəyərini düzgün qiymətləndirməlidir”.
Aysel
Sfera.az