Qida məhsulları ilə özümüzü necə təmin edirik? - Vacib statistik göstəricilər açıqlandı

Qida məhsulları ilə özümüzü necə təmin edirik? - Vacib statistik göstəricilər açıqlandı
Azərbaycanda ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi açıqlanıb.
 
2020-ci ilə dair açıqlanan məlumatlardan görünür ki, bəzi ərzaq növləri üzrə təminetmə yaxşılaşsa da bəzilərində vəziyyət pisləşib. Yaxşılaşma əsasən heyvandarlıq və sənaye məhsullarında, pisləşmə isə bitkiçilik məhsullarında müşahidə edilib.
 
Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, bütün növ ət və ət məhsulları ilə özünütəminetmə səviyyəsi 2020-ci ildə 84,5 faizə yüksəlib. Bu göstərici 2018-ci ildə 82,7 faiz, 2019-cu ildə 82,5 faiz idi.
 
Ət məhsulları ilə təminatın yaxşılaşmasına mal və quş əti ilə təminatın yaxşılaşması kömək edib. Azərbaycan yerli istehsal hesabına mal ətinə olan tələbatının 87,4 faizini ödəyib. 2019-cu ildə mal əti ilə təminat 86 faiz idi.
 
Quş əti ilə təminat daha çox yaxşılaşıb. 2019-cu ildə 74,6 faiz olan özünütəminat səviyyəsi ötən il 79 faizə yüksəlib. Adıçəkilən ət və ət məhsulları əhalinin daha çox istehlak etdiyi heyvandarlıq məhsullarından olduğundan bu göstəricilərin yaxşılaşması yerli istehsal hesabına ətlə təminatı ümumən yaxşılaşdırıb.
Amma elə heyvandarlıq məhsulları var ki, onlarla təminat pisləşib. O cümlədən qoyun əti, donuz əti, süd və süd məhsulları, balıq və balıq məhsulları ilə təminat səviyyəsi aşağı düşüb. Qoyun əti ilə təminat səviyyəsi 97,3 faizə, donuz əti ilə təminat 4,7 faizə, süd məhsulları ilə təminat 83,5 faizə, balıqla təminat 81,7 faizə geriləyib.
 
Perspektivdə heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsinin yaxşılaşması gözlənilir. Çünki işğaldan azad edilən Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonları Azərbaycanın böyük heyvandarlıq rayonlarından olub və gələcəkdə bu rayonların hesabına mal və qoyun əti istehsalının nəzərəçarpacaq dərəcədə artması proqnozlaşdırılır.
 
Sənaye istehsalından keçmiş əsas növ ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsində fərqli dinamika olub. Şokalad və şəkərli qənnadı məmulatlarında, makaron məmulatlarında, bitki yağlarında, meyvə və tərəvəz şirələrində, pendirlərdə, şəkər istehsalı üçün xammalda, çayda, duzda təminat yaxşılaşıb. Kərə yağı, süd, düyü, mineral və qazlı sularla özünütəminat səviyyəsi isə pisləşib.
 
Azərbaycanın bitkiçilik məhsulları ilə özünütəminat səviyyəsi taxıl məhsulları nəzərə alınmasa yüksək səviyyədədir. Lakin ötən il əksər bitkiçilik məhsulları üzrə təminat göstəricilərində geriləmə qeydə alınıb. Taxılla təminat 2018-ci ildə 74,1 faiz olduğu halda ötən il 68,1 faizə geriləyib.
 
Müqayisə edilən dövrdə bu göstərici paxlalılarda 72 faizdən 60 faizə, kartofda 90,8 faizdən 90,6 faizə, tərəvəzdə 115 faizdən 110 faizə, meyvədə 123 faizdən 116 faizə, pomidorda 138 faizdən 131 faizə düşüb. Müsbətə doğru dəyişiklik qoz və fındıqda (130 faizdən 138 faizə), narda (106 faizdən 112 faizə), üzümdə (92,5 faizdən 96 faizə), bostan məhsullarında (99,7 faizdən 100,8 faizə) qeydə alınıb.
 
Vasif
 
 
 

OXŞAR XƏBƏRLƏR