Türkiyəyə əfqan miqrantların axın etməsinə ABŞ səbəb olub? - Ağ Evdən AÇIQLAMA

15:01 / 05.08.2021
1244
ABŞ əfqan miqrantlarla bağlı Türkiyənin sərt reaksiyasına münasibət bildirib.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistlərə açıqlama verib.
O, gündəlik mətbuat konfransında əfqan miqrantlarının Türkiyə də daxil olmaqla, heç bir ölkəyə yönləndirilmədiyini qeyd edib. Qurum rəsmisi həmçinin son açıqlamalara görə təəssüf hissi keçirdiyini vurğulayıb.
"Qorunmaq istəyən şəxsləri müəyyən təhlükəsiz bölgələrə yönəltmək və ya təşviq etmək ABŞ hökumətinin siyasəti deyil. Türkiyə daxil olmaqla, konkret bir ölkəyə heç kimi göndərməmişik. Əfqanların Türkiyəyə getmək ehtimalları ilə bağlı açıqlamaların səbəb olduğu narahatlığa görə təəssüf hissi keçiririk”, - deyə Ned deyib.
Dövlət departamentinin sözçüsü həmçinin Suriya, İraq, Əfqanıstan, İran və digər ölkələrdən 4 milyondan çox qaçqına ev sahibliyi edən Türkiyəyə minnətdar olduqlarını bildirib.
Xatırladaq ki, ötən gün Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç ABŞ tərəfindən elan edilən "ABŞ üçün işləyən əfqanlar və ailələri üçün mühacir qəbulu proqramı" ilə bağlı sərt açıqlama vermişdi.
"ABŞ-ın bəyanatı bölgəmizdə böyük bir miqrasiya böhranına səbəb olacaq və köç yollarında əfqanların çəkdikləri əziyyətləri artıracaq. Problemə bölgə ölkələri arasında həll yolu tapmaq yerinə razılığımız olmadan ölkəmizdə həll yolu axtarmaq istənməsi qəbuledilməzdir", - deyə Bilgiç qeyd etmişdi.
Günay Rəsulqızı
Sfera.az