Rusiya ətə vergi tətbiq etməyi planlaşdırır: Bahalaşma Azərbaycana necə təsir edəcək?

12:10 / 05.08.2021
1497
Rusiyada ətin bahalaşma ehtimalı var. Prezidentin xüsusi nümayəndəsi Dmitri Peskov qeyd edib ki, yaxın gələcəkdə ətə vergi tətbiq edilməsi mümkündür.
Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, ətə vergi tətbiq edilməsi zərurəti istixana qazı emissiyasının azaldılması tədbirləri ilə bağlıdır.
Peskov bildirib ki, istixana qazının mənbələrindən biri də heyvanlardır. "Buna görə də ətə vergi tətbiqinə məcbur olacağıq”, - deyən Peskov emissiyanın azaldılması üçün başqa yolun olmadığını söyləyib.
Rusiyada ətə vergi tətbiq edilməsi bu ölkədə mal, qoyun və quş ətinin bahalaşmasına səbəb olacaq. Bəs, bu bahalaşma Azərbaycanda da ət qiymətlərini artıra bilərmi?
Ölkəmiz qırmızı ətə olan tələbatının bir hissəsini idxal hesabına ödəyir. Statistika göstərir ki, Azərbaycan Rusiyadan ət idxal etsə də, şimal qonşumuzun payı yüksək deyil.
Qeyd edək ki, Azərbaycanın idxal ətinə olan tələbatı daha çox diri heyvan alışı şəklində ödənilir. 2021-ci ilin yanvar-may aylarına aid olan məlumata əsasən, ölkəmizə 15 500 baş iribuynuzlu, 17 160 baş xırdabuynuzlu heyvan idxal edilib. İribuynuzlu heyvanların böyük hissəsi Gürcüstan və Ukraynadan alınıb. Burada Rusiyanın payı 2 faiz səviyyəsindədir.
Rusiya ölkəmizə xırdabuynuzlu heyvan idxalında əsas paya sahibdir. Belə ki, cəmi idxalın 72 faizi Rusiyanın hesabına təmin olunub. Azərbaycan Rusiyadan diri ev toyuqları da idxal edir. Bu ilin 5 ayında idxal olunan toyuqların sayı 251 min baş olub. Rusiyadan alınan toyuqların cəmi idxalda payı 7,8 faiz təşkil edib ki, bu da yüksək göstərici deyil.
Bu məlumatlardan aydın olur ki, Rusiyada vergi tətbiqi ilə əlaqədar ət bahalaşarsa, Azərbaycanın qoyun əti idxalına xərci daha çox artacaq. Mal əti və quş ətində bahalaşma hiss edilməyəcək.
Amma onu da bildirək ki, ölkəmiz qoyun ətinə olan tələbatın 97 faizini yerli istehsal hesabına ödəmək imkanına sahibdir. Buna görə də Rusiyadan idxal ediləcək qoyun ətinin bahalaşması ehtimalı daxili bazarda qiymətlərə ciddi təsir göstərməyə bilər.
Vasif
Sfera.az