MTRŞ niyə heç kimə lisenziya vermədi?
10:35 / 05.08.2021
1295
Ötən gün Milli Televiziya və Radio Şurasının təhsil və elmi-maarifləndirici ümumrespublika televiziya kanalının açılması üçün elan etdiyi müsabiqəyə yekun vuruldu. Lakin qurum heç kimə lisenziya vermədi.
Sfera.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib ki, MTRŞ-nın dövlətə məxsus olan tezlik resurslarından uzun müddət effektiv istifadə edə bilməməsi doğru bir yanaşma deyil:
"Gərək MTRŞ mövcud məhdud tezlik resurslarından səmərəli istifadə üçün ciddi səylər göstərəydi, zamanında bu istiqamətdə mesajlar verməli idi. Xüsusilə də rəqəmsal yayıma keçdikdən sonra boş qalan efir tezliklərindən istifadə sahəsində MTRŞ-in fəaliyyətini qənaətbəxş hesab etmək olmaz.
Təhsil istiqamətində müəyyən resurslara və təcrübəyə malik olan iddiaçıların da uğur qazana bilməməsi maraqlı suallar doğurur. Nəzərə almaq lazımdır ki, ölkənin informasiya məkanında televiziyalar hələlik özünəməxsus yer tutur. Təhsil və elm istiqamətli kanala ciddi ehtiyac var. Qonşu ölkələrlə müqayisədə bizdə televiziyaların sayı xeyli azdır, TV yayımı üçün özümüzün telekommunikasiya peykimiz var”.
O.Gündüz qeyd edib ki, müasir çağırışlar baxımından təhsil yönümlü TV çox faydalı olardı:
"Lakin bütün bunlara rəğmən, MTRŞ-nın efir tezliklərindən effektiv istifadə edə bilməməsi, milli televiziya yayımçıları formalaşdıra bilməməsi anlaşılan deyil və təəssüf doğurur”.
Xatırladaq ki, müsabiqə üçün 6 iddiaçı - "APA Mark” MMC, "Təhsil TV” MMC, "Balans Studiyası” MMC, "İNS ÇM” MMC, "İsti Press” MMC və "Medical Media” MMC sənədlərini MTRŞ-ya təqdim etmişdi.
Günay Rəsulqızı
Sfera.az