Paşinyan ilk rəsmi səfərini niyə İrana etdi? - Açıqlama

10:24 / 05.08.2021
2910
Ermənistanın yenidən seçilmiş Baş naziri Nikol
Paşinyan bu gün İran İslam Respublikasına rəsmi səfərə gedəcək. Səfər İran tərəfinin
dəvəti ilə həyata keçirilir və İranın yeni seçilmiş prezidenti İbrahim Rəisinin
andiçmə mərasimində iştirak etmək məqsədi güdür.
İran tərəfinin məlumatına görə andiçmə mərasimində
73 ölkədən 115 rəsmi nümayəndə iştirak edir və onların arasında 10 dövlət
başçısı, 20 parlament spikeri, 11 Xarici İşlər naziri var.
Politoloq Əlimusa İbrahimov Sfera.az-a
açıqlamasında deyib ki, Paşinyanın dəvəti qəbul edib, ikinci dəfə seçiləndən
sonra ilk səfərini İrana etməsi rəmzi məna daşıyır:
"Təbii ki, bu səfər çərçivəsində ikitərəfli və
regional məsələlər haqqında yeni seçilmiş prezidentlə ətraflı fikir mübadiləsi
aparmaq üçün yetərincə zaman yoxdur və İbrahim Rəisi də tezliklə İran-Ermənistan
münasibətlərini gündəmə gətirməkdə maraqlı deyil. Birincisi ona görə ki, İranın
qarşısında ölkəni taqətdən salan sanksiyalar və COVİD-19 kimi çox ciddi
problemlər var və ali dini rəhbər yeni prezidenti təqdim edərkən onun qarşısına
məhz bu məsələlərlə təcili məşğul olmağı
vəzifə kimi qoyub. İran bu gün bütün qüvvəsini ölkədəki acınacaqlı vəziyyətin aradan
qaldırılması istiqamətinə yönəltməlidir.
Digər tərəfdən regionun aparıcı aktyoru səviyyəsinə
yüksəlmiş və iqtisadi baxımdan əlverişli şəraitdə olan Azərbaycanla yaxın
münasibətlər saxlamaq İran üçün daha məqsədəuyğundur, nəinki, Ermənistanla. Azərbaycanla
münasibətlərin inkişaf etdirilməsi yeni seçilmiş prezident üçün daxili vəziyyəti
də nəzarətdə saxlamaq baxımdan əhəmiyyətlidir”.
"Orada İranın Azərbaycanla getdikcə daha yaxın münasibətlər qurmasını ciddi narahatlıqla qəbul edirlər. İranın Ali Dini Lideri Seyid Əli Xomeyninin Azərbaycandakı nümayəndəsi Höccətül- İslam Ocaq Necatın Şuşaya səfəri və orada səsləndirdiyi bəyanatlar erməniləri daha da qəzəbləndirib. İran xarici siyasətində yeni prezidentin gəlişi ilə baş verə biləcək dəyişiklikləri daha yaxından görmək üçün Ermənistan Baş Nazirinə bu dəvəti qəbul etmək zəruri idi. Bu səfər iki ölkə arasında gələcək münasibətlərin istiqamətini müəyyən etmək baxımdan da əhəmiyyətlidir. Nikol Paşinyanın İrana səfərində bir məqsədi də onun fürsətdən istifadə edərək Avropa İttifaqının baş diplomatı Cozef Borrelin andiçmə mərasimində iştirak edəcək şəxsi nümayəndəsi Enriki Moralla görüşmək ola bilər. Məlum olduğu kimi, bu təşkilat öz yüksək rütbəli nümayəndəsini İranın dəvəti ilə andiçmə mərasimində iştirak etmək üçün göndərib. İkinci dəfə yenidən seçilmiş Baş Nazirin ilk İran səfərinin fayda verə biləcəyi haqqında danışmaq isə hələ tezdir”.
Günay Rəsulqızı