Türkiyə meşə yanğınlarından dəymiş ziyanı hansı müddətə bərpa edəcək? - Açıqlama

Türkiyə meşə yanğınlarından dəymiş ziyanı hansı müddətə bərpa edəcək? - Açıqlama
Türkiyədə baş verən yanğınların ölkə iqtisadiyyatına mənfi təsirləri qiymətləndirilir. Digər müzakirə olunan məsələ isə yanğından sonra Türkiyənin dəymiş ziyanı hansı müddətə bərpa edə biləcəyi ilə bağlıdır.
 
Sfera.az-ın məlumatına görə, bununla bağlı danışan iqtisadçı deputat Vüqar Bayramov xatırladıb ki, 794 milyard dollar nominal Ümumi Daxili Məhsul (ÜDM) ilə Böyük İyirmiliyin üzvü olan Türkiyə illik 167 milyard dollarlıq ixracla dünyanın 26-cı ən böyük eksport potensialı olan ölkəsidir:

"Hazırda Türkiyənin xarici valyuta ehtiyatları 62 milyard 660 milyon dollardır. Rəsmi Ankara isə ehtiyatların 128 milyard dollar olduğunu bəyan edib. Pandemiyanın təsirlərinə baxmayaraq, Türkiyə iqtisadiyyatı ötən il 1.8 faiz artıb. İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatına (OECD) üzv olan ölkələr arasında Türkiyə Çindən sonra 2020-ci ildə ən böyük iqtisadi artıma nail ola bilən ölkədir. Göründüyü kimi, "lock-down” tədbirlərinə və iqtisadi məhdudlaşdırmalara rəğmən, Türkiyədə ÜDM ötən il tam rəqəmli böyüyə bilib.

Bir müddət öncə isə rəsmi Ankara son illər iqtisadi məsələlərin həlli üçün 165 milyard dollar vəsait xərclədiyini bəyan etmişdi. Bu isə ondan xəbər verirdi ki, qardaş ölkədə bu oxşar sınaqlar mütəmadi müşahidə olunur. Deməli, əvvəlki illərin təcrübəsini və mövcud potensialı nəzərə alsaq, Türkiyə yanğınların vurduğu iqtisadi ziyanları da qısa zamanda aradan qaldırmaq gücünə malikdir”.

Millət vəkili vurğulayıb ki, son illər Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yönəldən ölkələrdən birinə çevrilib:

"Azərbaycan Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12.5 milyard dollar investisiya yatırıb. İmzalanmış müqavilələri nəzərə aldıqda, Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşu yaxın zamanlarda 20 milyard dollaradək yüksələcəyi gözlənilir. Azərbaycanın Türkiyəyə sərmayə qoyluşları qardaş ölkənin iqtisadiyyatına dəstəkdir. Türkiyə bu bəladan qurtulduqan sonra da Azərbaycan sərmayəsi qardaş ölkə iqtisadiyyatının yenidən dirçəlməsinə töhfə olacaq”.

Xatırladaq ki, iyulun 28-dən avqustun 3-dək Türkiyənin 38 vilayətində ümumilikdə 163 yanğın faktı qeydə alınıb. Onlardan 152-i artıq söndürülüb.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR