Neftlə bağlı proqnoz, ikinci əl mənzil bazarında canlanma – Gündəlik iqtisadi icmal
Bu günün əsas xəbəri neftin qiyməti ilə bağlı açıqlanan proqnozlar oldu.
"Rosneft” rəhbəri İqor Seçin 2016-cı ilin sonuna neftin qiymətinin 50-55 dollar arasında dəyişəcəyini bildirdi. O eyni zamanda qeyd etdi ki, neftin qiymətinin 2017-ci ilin sonuna qədər yüksələcəyinə dair fundamental faktorlar yoxdur. Onun sözlərinə görə, növbəti ilin sonuna neftin qiyməti 65 dollar təşkil edəcək. Rusiyanın maliyyə naziri Anton Siluanov isə bəyan etdi ki, 2017-2019-cu illər üzrə üç illik proqnozda büdcədə neftin qiyməti 40 dollardan götürüləcək.
Amerika fond bazarında Dow Jones indeksi 0,14% - 17 829,73 bəndədək, S&P 500 0,27% - 2 088,90 bəndədək, NASDAQ 0,14% - 4 843,76 bəndədək artdı. Avropa fond bazarlarında FTSE 100 indeksi 0,36% - 6 226,55 bəndədək, Almaniya DAX-ı 0,54% - 10 015,54 bəndədək, Fransa CAC-40-ı 0,61% - 4 367,24 bəndədək bahalaşdı.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 1,20 dollar ucuzlaşaraq 1 271,30 dollara, gümüş isə 0,06 dollar azalaraq 17,26 dollara satıldı.
BMT qlobal iqtisadiyyatda yaranan qeyri-müəyyənlik səbəbindən 2016-cı ildə dünyada birbaşa xarici investisiyaların həcminin 10-15% azalacağını proqnozlaşdırdı. Təşkilat bildirir ki, qeyri-müəyyənlik əsasən məcmu tələbin azalması, xammal ixrac edən ölkələrdə aşağı iqtisadi artım sürəti və vergi nəzarətinin gücləndirilməsi səbəbindən yaranıb.
ABŞ-da 2-ci əl mənzillərin satışı son 9 ilin ən yüksək səviyyəsinə yüksəldiyi məlum oldu. "National Association of Realtors”un (NAR) məlumatlarına görə, satışlar mayda1.8 faiz artımla 5.53 milyon ədəd olub. Bu, 2007-ci ilin fevral ayından bəri görülən ən böyük artımdır. Ortalama satış qiymətləri keçən ilin eyni dövrünə nisbətdə 4.7 faiz yüksələrək 239 min 700 dollara yüksəlib.
Azərbaycana gəlincə, Mərkəzi Bank (AMB) ABŞ dollarının iyunun 23-nə rəsmi məzənnəsini 1,5301 AZN/USD səviyyəsində müəyyən etdi. Bu, gündəlik 0,20% artım deməkdir. Qeyd edək ki, iyunun 22-də rəsmi məzənnə 1,5270 AZN/USD səviyyəsində olub.