Əyalətdəki vətəndaşlar rəqəmsal texnologiyadan necə yararlanır? - EKSPERT RƏYLƏRİ
18:42 / 24.07.2021
1420
Durmadan inkişaf edən müasir dünya modeli, heç şübhəsiz, texnoloji yeniliklər sayəsində bərqərar olub. Bu baxımdan, modernizasiya prosesinin həyata keçirilməsi bir çox cəhətdən faydalıdır. Demək olar ki, bütün dövlətlərin məlumatları və təklif edilən xidmətləri elektronlaşdırılmış formada vətəndaşa təqdim etməsi də bu faydalılıq əmsalından qaynaqlanır.
Son 50 ildə yeni nəsil texnologiyaların dövlətin vətəndaşlara təqdim etdiyi xidmətlərdə istifadə edilməsi sözügedən xidmətlərin yeni inkişaf modelinin yayğın xarakter almasını tətiklədi. Bu mənada, dövlət tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması da demokratik və şəffaf cəmiyyət quruculuğunun müasir göstəricisidir.
Sevindirici haldır ki, Azərbaycan da vətəndaşlara elektron xidməti yüksək səviyyədə təqdim edən ölkələr sırasındadır. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzə Dövlət Agentliyinin qurulması, agentlik tərkibində "Asan xidmət” mərkəzlərinin fəaliyyət göstərməsi dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin təşkilində innovativ texnologiyaların və metodların tətbiqi ilə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində ciddi addım oldu. Bununla da ölkəmizdə "vətəndaşlara xidmət” anlayışı yeni bir məna qazandı.
Burada bir şeyi diqqətə almaq lazımdır ki, qeyd edilən qurumların iş prinsipi "innovativ texnologiyaların tətbiqi”nə əsaslanır. Belə olan halda, ölkə üzrə, xüsusilə də bölgələrdə vətəndaşların texnoloji yeniliklərdən nə dərəcədə yararlana bildiyi, rəqəmsal xidmətlər haqqında hansı məlumatlara sahib olduğu əsas faktor kimi çıxış edir.
Ağıllı kompüter və telefonların sürətlə yayılması internet infrastrukturunun ciddi ölçüdə inişafına tkan vermiş, məlumat və xidmətlərin sərhədsiz şəkildə təklifini ön plana çıxarmışdır. Lakin texnoloji yeniliklər fonunda rəqəmsallaşmaya doğru atılmış addımların daha da genişləndirilməsinə, bununla da vətəndaş məmnunluğunun artırılmasına ehtiyac var.
Bu bir faktdır ki, ölkə üzrə informasiya və kommunikasiya texnologiyalarından istifadə daha çox böyük şəhərlərdə yayğındır. Lakin regionlarda internet infrastrukturu və yeni texnologiyalardan istifadə ilə bağlı bir sıra çətinliklər hələ də özünü göstərməktədir. Bu da region insanlarının texnologiyaya məsafəli və çəkingən davranışından qaynaqlanır.
Azərbaycanda rəqəmsallaşma istiqamətində atılan addımlarla və mövcud durumla bağlı sahə mütəxəssislərinə müraciət etdik.
Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ölkədə rəqəmsallaşma ilə bağlı çox işlərin görüldüyünü qeyd etsə də, bir sıra problemlərin olduğunu da vurğulayıb:
"Dövlət idarəetməsinin rəqəmsal transformasiyası, dövlət xidmətlərinin elektrona çerilməsi istiqamətində xeyli addımlar atılıb, səlahiyyətli dövlət qurumları müəyyənləşdirilib. Bunula belə, rəqəmsal xidmətlərlə bağlı ciddi problemlər də yox deyil. Apardığımız müşahidə və monitorinqlər onu deməyə əsas verir ki, dövlət sektorunda regional xidmətlərin elektronlaşması sahəsində, innovasiyaların inkişafı və startap ekosistemin inkişafı ilə bağlı, maliyyə-bank sektorunun inkişafı sahəsində müəyyən problemlər mövcuddur və qeyd etdiyim sahələrdə rəqəmsal transformasiya ləngiyir. Hazırda ciddi diqqət yetiriləsi məsələlərdən biri regionlarda rayon İcra Hakimiyyətlərinin göstərdiyi xidmətlərin elektronlaşdırılmamasıdır. Ümumiyyətlə, yerli icra hakimiyyəti orqanlarının, onların göstərdiyi xidmətlərin rəqəmsallaşması istiqamətində ciddi problemlər var. Sürücülük vəsiqələrinin əldə edilməsi, avtomobillərin elektron qeydiyyatı, əhalinin sosial müdafiəsi ilə bağlı, hüquq sistemi və notarial xidmətlərin tam rəqəmsallaşdırılmasına ehtiyac var”.
İKT mütəxəssisi Elvin Abbasov bölgələrdə rəqəmsallaşmanın ləng getdiyini, bunun aradan qaldırılması üçün vətəndaşlar arasında maarifləndirmə işlərinin aparılmalı olduğunu qeyd edib:
"Bir neçə il öncə ilə bu günü müqayisə etsək, həqiqətən, müəyyən irəliləyişin olduğunu görərik. Düşünürəm ki, mövcud pandemiya şəraiti rəqəmsal xidmətlərə keçid üçün xüsusi təkan oldu. Çünki insanlar başqa variantın olmadığını bilirdilər. Avtomatik olaraq bir çox şirkətlər də rəqəmsallaşmaya meyl etdilər. Rəqabət mühiti də elektronlaşmanın geniş vüsət almasına səbəb oldu. Bu proseslər paytaxtda daha sürətli oldu. Lakin Bakıdakı qədər olmasa da, bu, bölgələrə də təsir etdi. Faiz nisbəti olara götürsək, bölgələrdə rəqəmsallaşma çox zəif gedir. Düşünürəm ki, bunun aradan qaldırılması üçün bölgələrdə maarifləndirmə xarakterli layihələr icra edilməli, elektronlaşmanın faydaları insanlara başa salınmalıdır. Bu tipli sosial layihələr keçirilsə, nəticəsi tez zamanda hiss olunacaq”.
İT mütəxəssisi, təlimçi Fərhad Kərimov ölkə üzrə tam rəqəmsallaşmanın təmin edilməsi üçün bütün dövlər qurumlarının xidmətlərini elektron formada təqdim etməsinin vacibliyini bildirib:
"Ölkədə rəqəmsal texnologiya üzrə yenidənqurma işləri mütəmadi olaraq aparılmalıdır. Mövcud İT infrastrukturunda məlumat mübadiləsi və xidmətlərin tam əlçatan olmaması baxımından problemlər mövcuddur. Regionlarda da bu sahə üzrə bəzi xidmətlər əlçatan deyil. Müəyyən xidmətlərin hələ də yerində həyata keçirildiyini nəzərə alaraq rəqəmsal xidmətlərin ölkə üzrə tam fəaliyyətdə olduğunu deyə bilmərik.
Lakin Elektron xidmətlər təklif edən bir çox dövlət qurumları var. Məsələn "Asan" Elektron Hökumət, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nazirlik nəzdində olan - DOST Agentliyi kimi qurumlar kifayət qədər yeni texnologiyalar ilə elektronlaşmış, rəqəmsal xidmətlərdən mütəmadi istifadə edirlər. Qeyd edim ki, bütün xidmətləri elektron etmək, təbii ki, mümkün deyil. Amma maksimum elektronlaşmaya gedilməlidir.
Bölgələrdə əhalinin rəqəmsallaşma ilə bağlı maarifləndirilməsi şirkətlər, həmçinin dövlət və özəl qurumların təşkil etdiyi müəyyən sosial layihələrlə həyata keçirilir. Maarifləndirmə məktəblərdə uşaqların təhsilindən, təlimatlandırılmasından da başlaya bilər.
Hər qurum xidmətini rəqəmsala keçirdikdən sonra həm media vasitəsilə, həm sosial şəbəkələr vasitəsilə, həm də seminarlar keçirərək qruplar üzrə insanları məlumatlandırmalıdır. Ancaq bunun üçün birinci rəqəmsal xidmət qurulmalıdır. Bu gün dünyada bir çox ölkə dövlət qurumu binalarının ləğvinə gedirlər. Bu o deməkdir ki, bütün qurumların xidmətləri elektrona keçməlidir. Bu günün tələbi budur. Hətta bəzi ölkələrdə süni intellektdən də istifadə edirlər. Biz rəqəmsal ölkə iddiasındayıq. Ölkənin rəqəmsallaşması o deməkdir ki, bütün qurumlar öz fiziki xidmətlərini elektron xidmətlərə çevirməlidirlər”.
Anlaşıldığı kimi, Azərbaycanda xidmətlərin elektronlaşdırlması, rəqəmsal texnologiyanın tətbiqi sürətlə davam etsə də, bu prosesin bölgələrdə daha geniş vüsət almasını təmin etmək lazımdır.
Bir daha qeyd etmək lazımdır ki, Azərbaycanda son illər həyata keçirilən tədbirlər rəqəmsallaşma ilə bağlı mövcud vəziyyətin bundan sonra daha da yaxşılaşdırılacağına, mövcud boşluq və problemlərin aradan qaldırılacağına əminlik yaradır.
(Yenicag.az)