“Azərbaycan ən az oksigen ifraz edən yaşıl kütləyə sahib ölkədir” – Meşələrin qırılması nə vəd edir?

15:32 / 16.07.2021
758
Son zamanlar ağacların kütləvi şəkildə qırılması
gündəmin dəyişməz mövzusuna çevrilib. Mövzuyla bağlı həssaslıq nümayiş etdirən,
mövzunu gündəmdən düşməyə imkan verməyən bəlli qrupla yanaşı bunun əleyhdarları
da var. Onlar problemlərin işıqlandırılmasının ermənilərin əleyhimizə istifadəsinə,
nəticədə onların Qarabağda ekologiyaya vurduqları ziyanın rahatlıqla ifadə
edilməməsinə yol açdığını deyirlər.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
professoru, Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti Rauf
Sultanov Sfera.az-a açıqlamasında bildirib ki, meşələrlə bağlı məsələ nəinki ölkəmizin,
eləcə də bütün planetin bir nömrəli problemlərindəndir:
"Otlar onun üzərinə düşən günəş enerjisinin
0,3 faizini mənimsəyir, onu yaşıl kütləyə çevirir, həm də fotosintez prosesində
oksigen ifraz edir. Amma meşələr otlardan fərqli olaraq, üzərinə düşən
enerjinin 10 dəfə daha çoxunu – 3 faizini istifadə edir. Yaşıl kütlə qida zəncirində
böyük əhəmiyyət kəsb edir. Ağaclar, otlar olmasa canlı mühit olmaz. Təsəvvür
edin ki, Azərbaycanda quru ərazinin hardasa 11.5 faizi meşə örtüyünə sahibdir.
Dünya üzrə bu rəqəm 30 faiz, Rusiyada isə 50 faizdir. Yəni, Azərbaycan dünya
ölkələri arasında ən az oksigen ifraz edən yaşıl kütləyə sahib olan ölkədir. Bu
gün meşələrin, ağacların qırılması təbiətə böyük ziyan vurur.
Bakı şəhərində şirkətlər ağacları qıraraq
tikinti işləri aparır. Bu cinayətdir, təbiətə qarşı görülən genosid prosesdir.
Bu baxımdan meşəbəylərin yerinə, "meşə polisi” yaratmaq lazımdır ki, nəzarət
etsin. Dövlət səviyyəsində müəyyən işlər görülməlidir. İnsanlar arasında kütləvi
formada maarifləndirmə prosesi aparılmalıdır. Cəmiyyət bu işə cəlb olunmalıdır
ki, meşələri qorusunlar. Digər tərəfdən bu gün "meşələrin, ağacların qırılması
ilə bağlı problemlər işıqlandırılmasa yaxşıdır, ermənilər görür, əleyhimizə
istifadə edir” kimi fikirlər absurddur. Düşmən hər zaman əleyhimizə nələrsə edəcək.
Biz maarifləndirmə işi aparmalıyıq”.
Müsahibimiz həmçinin qeyd edib ki, Azərbaycanda
heç bir zaman bu qədər kömür istehsal edilməyib və bu da meşələrin qırılması
hesabına baş verir: "Buna görə də cərimələr artırılmalı, qanunlar ciddiləşməlidir”.
Ekoloq Telman Zeynalov isə saytımıza
açıqlamasında deyib ki, hazırda Azərbaycanda
meşə örtüyü 8,6 faizdir:
"Lakin ərazimizin 30 faizi meşə ilə örtülməlidir
ki, yaşayan əhali oksigenlə, iqlimdə dəyişiklik olanda yağış, qarla təmin edilə
bilsin. Hesabat verilməlidir ki, kim nə ixtiyarla meşə ərazisini 45, 50 hektar
olmaqla 45-100 illiyə icarəyə verir? Bu o deməkdir ki, özbaşınalıqdır. Dövlətə,
millətə mənsub olan ərazini kim istəyir, satır.
Kimsə meşəni qırırsa, zəhmət çəkib bərpa etsin, cərimələnsin və həbs
edilsin. Bu qədər əhalini oksigensiz qoymaq, meşədən məhrum etmək haqqında
düşünsün. Son dövrlər qlobal istiləşməni ortalığa atıblar. Bununla əlaqədar
geni dəyişdirilmiş məhsullar yetişdirməyə başladılar, ozon təbəqəsinin
dağılmasında əsas səbəbi karbon qazının üstünə atdılar. Ancaq karbon qazı
olmasa, Yer Kürəsi mənfi 18 dərəcə buzla bağlanar. Ona görə də bu məsələlər
aydınlaşdırılmalıdır”.