Əhalinin maaş gəliri azalıb, pensiya gəliri artıb

Əhalinin maaş gəliri azalıb, pensiya gəliri artıb
2021-ci ilin birinci rübündə ev təsərrüfatlarının muzdlu işlə əlaqədar əldə etdiyi gəlirlər ötən ilin eyni dövrünə nisbətən 3,3 faiz azalıb. Ötən ilin ilk 3 ayında adambaşına düşən əmək haqqı gəlirləri 111 manat olduğu halda bu ilin 3 ayında 107 manata qədər azalıb.
 
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, əmək haqlarında azalma həm şəhər yerlərində, həm də kənd yerlərində müşahidə edilib. Şəhərdə adambaşına düşən əmək haqqı gəliri 140 manatdan 136 manata, kənd yerlərində 78 manatdan 75 manata düşüb.
 
Əmək haqqı gəlirlərinin azalmasına baxmayaraq əhalinin gəlirində əmək haqqı gəliri hələ də ən yüksək paya sahibdir. Ümumi gəlirlərin 35 faizi əmək haqqı gəlirlərindən ibarətdir.
 
Bu il əhalinin muzdlu işlə əlaqədar gəliri azalsa da pensiya və müavinətlərdən daxil olan gəliri artıb. Adambaşına düşən pensiya gəlirləri 7,7 faiz artaraq 48,2 manatdan 52 manata, müavinət və sosial yardımlardan gəlirlər 4 faiz artaraq 8,7 manatdan 9,06 manata yüksəlib.
 
Vasif
 
 
  
 

OXŞAR XƏBƏRLƏR