Taksi sürücüləri pulun qalığını qaytarmır, kartla ödənişə etiraz edir - Nə etməli?

15:18 / 09.07.2021
30162
Taksi şirkətləri ilə bağlı narazılıqlar yenidən
artıb. Sosial mediada xüsusilə şirkətlərlə əməkdaşlıq edən sürücülərin vətəndaşla
davranış qaydalarının yanlış olması, nağd ödəniş zamanı sürücünün qalıqları
geri qaytarmaması və ya kartla ödənişə etiraz etmələri və.s. kimi məsələlərlə
bağlı şikayətlər səsləndirilir.
Maraqlıdır, sürücüləri işə götürən şirkətlər
bunlara görə məsuliyyət daşıyırmı? Vətəndaşlar taksi sürücüləri ilə problem
yaşayan zaman hansı addımı atmalıdır?
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin
Muradlı Sfera.az-a açıqlamasında deyib ki,
burada tam olaraq sürücülərin işə götürülməsindən söhbət gedə bilməz:
"Bu gün gördüyümüz taksi sürücülərinin 5-10
faizi hansısa taksi şirkətinin əməkdaşı sayılır. Qalanları şəxsi avtomobilləri
ilə xidmət göstərən şəxslərdir. Onlar heç bir şirkətdə işə düzəlmirlər, sadəcə
olaraq şirkətlərlə əməkdaşlıq edirlər. Şirkətlər isə daha çox qazanc əldə etmək
üçün hamı ilə əməkdaşlıq etməyə hazırdır. Barmaqla sayıla biləcək bir neçə şirkət
var ki, öz işlərini doğru-düzgün qura bilir, səviyyələrini qorumağı bacarır,
brend kimi məsuliyyətlərini ciddi şəkildə nəzərdən keçirirlər. Eyni zamanda hər
sürücünü əməkdaşlığa qəbul etmir və qiymətləri bərbad vəziyyətdə deyil. Həm
sürücü, həm də sərnişin ona göstərilən xidmətdən razı qalır. Sərnişin bilir ki,
həmin şirkətlə əlaqə saxlasa, komfortlu maşın, ədəbli-ərkanlı sürücü gələcək,
artıq pul ödəsə də, mənzil başına rahat çatacaq. Belə şirkətlər çox azdır”.
"Sürücüdən depozit alırlar, gündəlik qazancına şərik olurlar, ucuz qiymətə istismar edirlər və.s. Bugünkü taksi qiymətləri heç də reallığı əks etdirmir. Sürücülərin həm canı, həm malı əldən gedir, qazanan isə şirkətlər olur. Bu baxımdan düşünürəm ki, taksi fəaliyyəti ilə bağlı müəyyən çərçivə hazırlanmalı, sistem yaradılmalıdır. Taksi sürücüsü kim ola bilər, hansı kriteriyalara cavab verməlidir, psixoloji durumu, avtomobilin normal vəziyyətdə olması və.s. kimi məsələlər müəyyən edilməlidir. Eyni zamanda onlayn ödəniş məsələsi də birdəfəlik öz həllini tapmalıdır. Taksi sürücüsü onlayn ödənişə etiraz etməməlidir. Bu, dünyanın hər yerində qəbul edilən ödəniş mexanizmidir və gec-tez Azərbaycan da tam olaraq buna keçəcək”.
Günay Rəsulqızı