Paşinyan Putinlə razılaşıbmı? – “Hələlik dəqiq nəsə söyləmək çətindir”

Paşinyan Putinlə razılaşıbmı? – “Hələlik dəqiq nəsə söyləmək çətindir”
"Paşinyan və Putin arasında keçirilmiş görüşlə bağlı verilən kasad rəsmi məlumatlar orada müzakirəyə çıxarılan məsələlərin heç onda birini əhatə etmirdi”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. O bildirib ki, Paşinyanın tələsik, hələ Baş Nazir kürsüsünə əyləşmədən Rusiyaya səfər etməsi ortalıqda təcili həllini gözləyən məsələlərin olmasından xəbər verir:
 
"Bu məsələlər ictimaiyyətin müzakirəsinə çıxarılmayacaq qədər ciddi və qapalıdır. Onlar haqqında hələlik hipotezlər irəli sürmək olar. Amma Ermənistanda yeni hökumətin formalaşdırılması zamanı Paşinyanın hərəkətlərindən Rusiyanın təsirinin hansı səviyyədə olacağı müəyyənləşəcək”.

Müsahibimiz deyib ki, erməni qoşunlarının hələ danışıqlar getdiyi vaxtda təxribatlar törətməsini bir neçə səbəblə əlaqələndirmək olar: 
                                                                                                                                                                               
"Birincisi, Paşinyan Silahlı Qüvvələrə tam nəzarət edə bilmir və onun xəbəri olmadan təxribatlar törədilir. İkincisi, Paşinyana müxalif olan qüvvələr onun həyata keçirdiyi islahatların qarşısını almaq, eləcə də ölkədə qarşıdurma yaratmaq üçün bu hadisələr törədilir.

Digər səbəb isə Rusiyameylli qüvvələrin rus qoşunlarını Azərbaycan-Ermənistan sərhədində yerləşdirmək istəməsi və buna görə də silahlı insidentin yaradılmasıdır. Bütün bunlara baxmayaraq,  Ermənistanda vəziyyət Paşinyanın çəkdiyi xətt üzrə inkişaf edir və onun proseslərə nəzarətinə mane olacaq ciddi qüvvə yoxdur. Amma Rusiya zaman-zaman istədiyi düzəlişləri etmək səlahiyyətlərini və təsir mexanizmlərini özündə saxlayır”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR