“Bakının mərkəzində Cümhuriyyət qurucularına abidə ucaldılmalıdır” – Fazil Mustafa

“Bakının mərkəzində Cümhuriyyət qurucularına abidə ucaldılmalıdır” – Fazil Mustafa
"Müstəqilliyimizi seviriksə, onun qurucularına da eyni sevgini göstərməliyik”.

Bu sözləri Sfera.az-a açıqlamasında Qazaxıstanda 1917-1920-ci illərdə mövcud olmuş Alaş Orda dövlətinin qurucularına abidə ucaldılması fonunda Azərbaycanda Xalq Cümhuriyyəti qurucularına münasibətdə anoloji addımların atılmamasına münasibət bildirərkən, Milli Məclisin deputatı Fazil Mustafa deyib:
 
"Azərbaycanda Cümhuriyyət qurucularına abidə ucaldılıb. Amma təəssüf ki, həmin abidə görkəmli yerdə deyil. Hesab edirəm ki, paytaxtın mərkəzində belə bir abidənin yaradılmasına ehtiyac var. Bizlərdə belə məsələlərdə həssaslıq qazaxlarda olduğundan azdır. Bu günlərdə 2 dəfə o dövrdə baş nazir olan və Cümhuriyyətimizi tanıdan görkəmli şəxsiyyət Nəsibbəy Yusifbəylinin anadan olmasının 140 illiyi tamam olsa da, xüsusi olaraq bu günü qeyd etmədik”.
 
Deputat bu kimi həssas məsələlərdə unutqan olduğumuzu dedi:

"Nuru Paşaya belə ciddi diqqət göstərmirik. Abidəsi qoyulmayıb. Halbuki Nuru Paşa müstəqilliyimizi hərbi güclə təmin edib. Düzdür, bu istiqamətdə müəyyən işlər görülüb. Məhəmməd Əmin Rəsulzadənin Novxanıda abidəsi var. Elmlər Akademiyasının yanında Cümhuriyyət qurucularına Xatirə abidəsi qoyulub. Amma məsələni bir qədər fərqli formada dəyərləndirsəydik, daha yaxşı olardı”.
Rüfət Sultan
 

OXŞAR XƏBƏRLƏR