“Paşinyanı Putinlə çox uzun və ağır söhbət gözləyir” – Nələrdən danışılacaq?

10:22 / 07.07.2021
1558
Ermənistanın Baş naziri vəzifəsini icra edən
Nikol Paşinyan bu gün Moskvaya işgüzar səfər edəcək.
Rəsmi məlumatlara görə, tərəflər Ermənistanla
Rusiya arasında strateji əməkdaşlıq məsələlərini müzakirə edəcək. Görüşdə 9
noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzalanmış üçtərəfli bəyanatların
maddələrinin yerinə yetirilməsi, Qarabağda yaşayan ermənilərə humanitar
yardımıın çatdırılması, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpa
olunması məsələlərinin də müzakirə edəcəyi gözlənilir.
Bununla bağlı politoloq Əlimusa İbrahimov
Sfera.az-a açıqlamasında deyib ki, Paşinyan indi ciddi cəhdlə yeni hökumətin qurulması ilə məşğuldur və üçtərəfli
bəyanatlardan irəli gələn məsələlərin həyata keçirilməsini müzakirə etməyin
zamanı hələ çatmayıb:
"Hökumət tam fəaliyyətə başladıqdan və
Paşinyan yenidən Baş Nazir kimi təsdiq olunandan sonra bu məsələlər istənilən
halda müzakirə olunacaq və ciddi qarşıdurma yaradan problemlərin aradan
qaldırılmasına səy göstəriləcək. Deməli, Ermənistan nümayəndəsinin bu səfəri
Paşinyanın deyil, Rusiya Prezidenti Vladimir
Putinin təşəbbüsü ilə ortaya çıxıb. Görüşdə rəsmi məlumatlarda
vurğulandığı kimi üçtərəfli bəyanatlardan irəli gələn məsələlər həyata keçirilməsi
deyil, Ermənistanda yeni hökumətin qurulması ilə bağlı məsələlər müzakirə
olunacaq.
Rusiya öz tərəfdarlarının Ermənistanda
qurulacaq yeni hökumətdə görmək üçün fəaliyyətə başlayıb. Tərəfdarlarının isə
eks-prezidentlər Robert Köçəryan və Serj Sarqsyanın olması hamıya məlumdur.
Rusiya yenidən Qarabağ erməni klanından olan müttəfiqlərinin yardımına tələsir”.
Müsahibimizin sözlərinə görə, indiki şəraitdə
Köçəryan və Sarqsyanın siyasi səhnədən uzaqlaşdırılması və bununla da Ermənistanın bütünlüklə Sorosçuların
ixtiyarına verilməsi perspektivi Rusiyanı qane etmir: "Məhz buna görə də
Paşinyan tələsik Moskvaya çağırılıb. Orada isə Baş Nazir səlahiyyətlərinin
icraçısını Putinlə çox ağır və uzun bir söhbət gözləyir. Məgər Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının Baş Katibi Stanislav Zasın bu günlərdəki məlum bəyanatı
Rusiyanın Ermənistana təsir mexanizminin artıq hərəkətə gətirildiyindən xəbər
vermirmi?”.
Günay Rəsulqızı