“Putin Azərbaycanın başı üzərindən fransalı həmkarıyla...” - Açıqlama

14:09 / 05.07.2021
1792
"Rusiyanın Ağdam ətrafında minalanmış ərazilərin xəritəsinin
Azərbaycana təhvil verilməsində rolu olmadı. Əsas vasitəçi kimi Gürcüstan,
Avropa İttifaqı və ABŞ təmsilçiləri çıxış etdilər. Müharibə bitdikdən sonra ilk
dəfəydi ki, Azərbaycanla Ermənistan arasında Rusiyanın iştirakı olmadan
razılaşma əldə edilirdi. Bu hal isə Kremli narahat etməyə bilməzdi”.
Sfera.az bildirir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin
rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, əslində Qarabağla bağlı
bütün məsələlərin Rusiyanın iştirakı və vasitəçiliyi ilə həlli Azərbaycanın
maraqlarına cavab vermir:
"Çünki bu halda Rusiya özünü bölgənin əsas sahibi
kimi aparır. Misal üçün, Rusiya prezidenti Azərbaycanın başı üzərindən fransalı
həmkarıyla Qarabağa maliyyə və humanitar yardım barədə telefonla danışır,
müzakirə aparır. Halbuki, bu telefon danışğının ardınca diplomatik etika Rusiya
prezidentinin Azərbaycan prezidentinə zəngini və Parislə Qarabağla bağlı
aparılan danışıqların təfərrütlarının azərbaycanlı həmkarının diqqətinə
çatdırılmasını diqtə edirdi.
Buna baxmayaraq, Azərbaycan minalanmış ərazilərin xəritələrini
əldə etməkdə davam edir və bu, gələcək planlarımızın – köçürülmənin və inşaat
çalışmalarının sürətlənməsinə şərait yaradacaq. Qarabağda yaşayan ermənilərin
sayı 30-35 min arasındadır, bunu özləri də etiraf edirlər. Qarabağa köçürüləcək
yüz minlərlə soydaşımız erməni separatizminə növbəti zərbə olacaq”.
Günay Rəsulqızı