Dövlət büdcəsinə yenidən baxıla bilər – “Neft gəlirlərinin artması kəsiri aradan qaldıracaq”

Dövlət büdcəsinə yenidən baxıla bilər – “Neft gəlirlərinin artması kəsiri aradan qaldıracaq”
2021-ci ilin dövlət büdcəsinin vergi və digər gəlirlərində nəzərəçarpacaq artım müşahidə edilir. Yanvar-may aylarına aid olan məlumata əsasən vergi gəlirləri 3,8 milyard manat olmaqla proqnozdan 27,1 faiz və ya 800 milyon manat çox olub. Gəlirlərin artımında ən böyük paya qeyri neft-qaz sektoru sahibdir. Bu sahələrdə 2,754 milyard manat vergi toplanıb ki, bu da proqnozdan 472 milyon manat, yaxud 20,7 faiz artıqdır.
 
Sfera.az bildirir ki, vergi gəlirləri ilə bərabər neft qiyməti də proqnozlaşdırılan həddən xeyli yüksəkdir. Dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılan zaman neftin ortaillik qiyməti 40 dollardan hesablanıb. Amma yanvar-iyun aylarında orta qiymət 60 dollardan çoxdur ki, bu da proqnozlaşdırılan qiymətlə müqayisədə 50 faiz fərq yaradır. Beynəlxalq maliyyə institutlarının və beynəlxalq enerji qurumlarının proqnozlarına əsasən ilin yekununda orta qiymət 60 dollardan yüksək olacaq.
 
Adətən neftin qiyməti və vergi gəlirlər proqnozdan xeyli çox olduqda dövlət büdcəsinə yenidən baxılır. Bəs, 2021-ci ildə də oxşar addımın atılması gözlənilə bilərmi?

Sfera.az saytına danışan iqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, 2021-ci ilin dövlət büdcəsinə yenidən baxılması üçün əsaslar var. Ekspert xatırlatdı ki, 2021-ci ilin büdcəsi müharibə dövründə təcili hazırlanıb və bununla əlaqədar kənarlaşmaların böyük olması ehtimalı yüksəkdir. Onun fikrincə, bu səbəbdən büdcənin xərclər hissəsinə yenidən baxılması zərurəti var: "Vergi gəlirlərinin proqnozlaşdırılan məbləğdən 20 faizdən çox artması, eyni zamanda neftin nəzərdə tutulandan xeyli baha satılması ümumi gəlirlərə müsbət təsir edir. Gəlirlərin artması ilə bərabər xərclərin də yeni şəraitə uyğun olaraq dürüstləşdirilməsi vacibdir. İşğaldan azad edilən torpaqlarda bərpa, tikinti işlərinin həyata keçirilməsi üçün bəzi istiqamətlər üzrə xərclərə yenidən baxıla bilər. Xüsusən də minalanmış ərazilərin xəritələrinin əldə edilməsi bərpa işlərini sürətləndirəcək ki, bu da əlavə vəsaitlərə ehtiyac yaradacaq”.

R.Həsənov qeyd etdi ki, neft gəlirlərinin artması Dövlət Neft Fondunun büdcəsində balansı təmin edəcək, hətta kəsiri aradan qaldıracaq. Ekspert vurğuladı ki, bu vəziyyətdə yeni çağrışlara uyğun olaraq əlavə xərcləri maliyyələşdirmək üçün Dövlət Neft Fondundan transfertin artırılması mümkündür.
Onun qənaətincə, mövcud şərtlər nəzərə alındığında, 2021-ci ilin dövlət büdcəsinə yenidən baxılması ehtimalı böyükdür.
 
Vasif
 
 

OXŞAR XƏBƏRLƏR