Erməni diversantlara yüngün cəza verilməsinin sirri açıldı - “Bakı Yerevana bu imkanı vermədi”

11:31 / 05.07.2021
4148
"Füzuli və Zəngilanın mina xəritələri qarşılığında 15
erməni hərbçinin qaytarılması məsələsində müzakirəyə səbəb olan iki məqam var.
Birincisi, erməni diversantlara niyə çox
yox, 6 ay həbs cəzası verildi? İkincisi, məhkəmədə hökm oxunan ermənilər niyə qaytarıldı?”.
Sfera.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı
deyib. O bildirib ki, əslində məsələnin mahiyyəti saxlanılanların bir çoxunun cəza
müddətinin geri qayıtmamışdan öncə məhz Bakıda başa çatmasındadır:
"Hərçənd, öncə rəsmi Bakının müharibədən sonra
saxlanılan erməni diversantlar üzərindən nail olmaq istədiyi hədəflərə baxmaq
lazımdır.
Birinci hədəf: Qarabağın Azərbaycan torpağı olduğunu,
sərhədlərimiz daxilində istənilən cinayətin Azərbaycan qanunları ilə cəzalandırıldığını
Ermənistana, erməni cəmiyyətinə və beynəlxalq ictimaiyyətə sübut etmək idi.
Buna qismən də olsa nail olunub və proses davam etdirilir.
İkinci hədəf: erməni hərbçiləri Qarabağa hərbi xidmətə
getməkdən çəkindirmək, Ermənistan hakimiyyətinin qərarına daxildən təsir etmək idi.
Buna tam nail olundu.
Üçüncü hədəf isə erməni diversantlardan Ermənistanın
daxili siyasətinə təsir göstərmək və mina xəritələri ilə "barter” etmək idi. Bu
istiqamətdə konkret nəticələr var: Ağdam, Füzuli və Zəngilanın mina xəritələri
alındı. Geri qaytarılan erməni diversantlar arasında Bakıda məhkəmə hökmü ilə 6
aylıq həbs cəzasına məhkum edilənlər var və onların cəza müddəti istintaq
dövründə başa çatmış hesab olunur”.
Ekspert qeyd edib ki, Bakı "barter”dən öncə iki gediş
edib: "Erməni diversantları Bakıda məhkəmə önünə çıxardı və
hökm oxundu. Cəzalandırılmadan qaytarılması bu ermənilərin rəsmi İrəvanın iddia
etdiyi kimi "hərbi əsir” olduğunu qəbul etmək, o cümlədən, müharibədən sonra
Qarabağda baş verənlərin Azərbaycanın daxili işi olduğu prinsipinə zidd olardı.
Erməni diversantların bir çoxuna 6 aylıq həbs cəzası verilməsi cəzalarının
Bakıda başa çatması məqsədi daşıyırdı. Çünki 10 il, yaxud daha çox həbs cəzası
verib İrəvana göndərmək olardı, lakin onlar Ermənistana çatan kimi azad
olunacaq və qəhrəmanlaşdırılacaqdı. Bakı Ermənistan hakimiyyətinə bu imkanı
vermədi.
Günay Rəsulqızı