Azərbaycanlıları Türkiyədə ev almağa həvəsləndirən nədir? - Açıqlama

Azərbaycanlıları Türkiyədə ev almağa həvəsləndirən nədir? - Açıqlama
Bu ilin may ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 47 daşınmaz əmlaka sahib olublar. Türkiyə Statistika İdarəsinin məlumatına görə, azərbaycanlılar Türkiyədə ev alan xaricilərin sırasında 9-cu yerdə qərarlaşıb.

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Sfera.az-a açıqlamasında  bunun bir neçə səbəbinin olduğunu deyib: "Bir neçə il bundan əvvəl Türkiyədə xaricilər üçün daşınmaz əmlaka investisiyalar üzrə "yaşıq işıq” yandırıblar. Orada sənədləşmə, torpaq sahəsinin özəlləşdirilməsi, tikinti aparılması kimi məsələlər çox sadələşdirilmiş prosedurdur. Ona görə nəinki, Azərbaycandan, dünyanın bir sıra başqa ölkələrindən də Türkiyənin əmlak bazarına axın var, investisiya yatırılır. İkinci səbəb iş adamlarının əksəriyyətinin Türkiyədə biznesinin olmasıdır. Onlar vaxtaşırı getdiklərinə görə bu ölkədə əmlak alırlar, eyni zamanda yaşayış üçün də istifadə edirlər.
 
Digər qrup insan mənzilləri alıb kirayəyə verərək aylıq gəlirlərini təmin edirlər. Başqa qrup insanın isə övladları Türkiyədə təhsil alır, onlar yaşayış şəraitini yaxşılaşdırmaq üçün daşınmaz əmlak, xüsusən də mənzil almağa üstünlük verirlər. Yəni, yanaşmalar müxtəlifdir. Məsələn, müəyyən qrup da düşünür ki, övladları kiçik yaşda ikən mənzil alsın, gələcəkdə orada oxusunlar, işləsinlər və.s”.

Müsahibimiz deyib ki, vətəndaşlarımız ehtiyat variant kimi Türkiyədə mənzil almağa can atırlar:

"Bundan əvvəl, Londonda imkanlı adamların mənzil sahibi olması dəbdə idi. Eyni zamanda yeni nəsil orta iş adamları daha çox Şərqi Avropada mənzil almağa üstünlük verirdilər – Çexoslovakiya, Polşa kimi ərazilərdə. Son bir neçə ildir ki, daşınmaz əmlaka investisiya yatırmaq üçün Türkiyəyə axın çoxalıb.
Buna baxmayaraq xaricdə əmlak bazarı sahəsində canlanma var, deyə bilmərik. Hər şey öz axarında davam edir”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR