Müxalifət Paşinyanın quracağı hökumətdə təmsil olunacaqmı? - Şərh

13:19 / 02.07.2021
1667
Ermənistanda növbədənkənar parlament seçkiləri
bitdikdən sonra qalib gəlmiş "Vətəndaş
Müqaviləsi” partiyası hökumətin formalaşdırılması məsələsi ilə məşğuldur. Yaxın
günlərdə iqtidarda təmsil olunacaq şəxslərin adları ictimaiyyətə elan olunacaq.
Maraqlıdır, bu dəfəki hökumətin əvvəlkindən fərqi
nə olacaq?
Politoloq Əlimusa İbrahimov Sfera.az-a
açıqlamasında deyib ki, yeni
formalaşacaq hökumətdə müxalif qüvvələrin və Rusiyameylli güclərin ciddi şəkildə
təmsil olunması gözlənilmir:
"Paşinyan görünüş xatirinə və Rusiyanı razı
salmaq məqsədi ilə müxalifətə bir neçə 3-cü, 4-cü dərəcəli portfel verə bilər.
Amma bu portfellərin də qəbul olunacağı şübhəlidir. Köçəryanın ilyarımdan sonra
yenidən növbədənkənar parlament seçkilərinin keçirilməsinə zərurətin yaranacağı
haqqında bəyanatı da elə yeni qurulacaq hökumətdə ciddi şəkildə təmsil
olunmasını istəməsi ilə əlaqədardır.
Amma "Vətəndaş Müqaviləsi” bloku Rusiyanın
örtüyü altında gizlənən müxalifətin gələcəkdə onlar üçün böyük təhlükə mənbəyi
olacağından xəbərdardır. Buna görə də Paşinyan müxalifətin hökumətdə təmsil
olunmasına maksimum dirəniş göstərəcək. Lakin Rusiyanın təzyiqi və hədələri
qarşısında nə qədər davam gətirəcəyini proqnozlaşdırmaq çətindir”.
Müsahibimiz qeyd edib ki, yeni hökumət Nikol
Paşinyanın növbədənkənar parlament seçkisinə qədər həyata keçirmək istədiyi,
lakin müxalif qüvvələrin mane olduğu reformaları həyata keçirməyə çalışacaq:
"Bu, Ermənistanın iqtisadiyyatını
qaldırmaq, üçtərəfli bəyanatdan irəli gələn
öhdəlikləri yerinə yetirmək və müharibə ritorikasından əl çəkməkdir. Parlamentdə
təmsil olunan müxalif qüvvələr əllərindəki tribunadan yenə də hakimiyyəti tənqid
etmək, ölkədə xaos və qarşıdurmanı gücləndirmək üçün istifadə edəcəklər. Bu da
bumeranq kimi qayıdaraq sonda özlərinə xəsarət
yertirəcək”.