Banklar manatla kreditlərə üstünlük verir - SƏBƏB

12:01 / 02.07.2021
1986
Azərbaycanda fəaliyyət göstərən banklar son illərdə manatla kredit qoyuluşunu artırıb. Artıq kreditlərin 70 faizdən çox hissəsi manatla ayrılan kreditlərin payına düşür.
Sfera.az xatırladır ki, 2015-ci ildəki devalvasiyadan sonra cəmi kreditlərin 50 faizi manatla idi. Həmin ildə cəmi kreditlər 21,73 milyard, manatla olan kreditlər isə 10,99 milyard manat idi.
2021-ci ilin məlumatına əsasən, kredit qoyuluşu 15,067 milyard manata qədər azalıb. Amma manatla olan kreditlərdə azalma çox cüzidir. Qeyd edilən tarixdə manatla kreditlərin həcmi 10,93 milyard manat olub və cəmi kreditlərin 72,5 faizini təşkil edib.
Sahələr üzrə götürdükdə manatla kreditlərin xüsusi çəkisi ən yüksək ev təsərrüfatlarına ayrılan kreditlərdə müşahidə edilir. Burada kreditlərin 6,47 milyardı manatla verilib. Ümumən manatla ayrılan kreditlərin 58,9 faizi ev təsərrüfatlarına verilib. Ev təsərrüfatlarının aldığı kreditlərdə isə manatla kreditlərin payı 93,6 faizdir.
Kredit qoyuluşunda milli valyutanın payının yüksək olması yaxşı əlamət hesab edilir. Bu, ilk növbədə bankların özlərinə lazımdır. Hansı bankda manatla kreditin həcmi çoxdursa, həmin bankın kredit reytinqi yüksək olur. Çünki manatla kreditin payının çox olması məzənnə dəyişikliyinə görə bankları kreditlərin geri ödənilməməsi təhlükəsindən xilas edir.
Məzənnə dəyişikliyinin yaratdığı təhlükə özünü daha çox istehlak kreditlərində göstərir. İstehlak kreditləri borcalana gəlir gətirmədiyindən, əksinə onun xərclərini artırdığından, bu növ kreditlərin 10 faizdən çox olan hissəsinin xarici valyutada verilməsi məqbul hesab edilmir. Devalvasiyaya qədər ev təsərrüfatlarına verilən kreditlərin 30 faizi xarici valyutada idi. Bu nisbət böyük olduğundan devalvasiyadan sonra borcaların qaytarılmasında problem yarandı və yalnız dövlətin yardımı hesabına banklar çətin vəziyyətdən çıxa bildi.
Hazırda ev təsərrüfatlarının kredit borcunun 4 faizi xarici valyutadadır və bu nisbtən böyük deyil.
Qeyd edək ki, əvvəllər xarici valyutada olan kreditlərin payının yüksək olması faiz dərəcələrinin aşağı olması ilə bağlı idi. Hazırda da xarici valyutada olan kreditlər milli valyutada olan kreditlərdən xeyli ucuzdur. Amma devalvasiyanın ağır nəticələri həm bankları, həm də borcalanları qorxutduğundan milli valyutada olan kreditlərə tələb yüksəkdir.
Vasif
Sfera.az