“Avropa İttifaqında ciddi fikir ayrılığı yaranıb” - Politoloq

Dünya
14:36 / 28.06.2021
1520
"Qərblə Rusiya arasında davam edən siyasi problemlər
Avropa İttifaqı daxilində ciddi fikir ayrılıqlarına gətirib çıxarıb. Almaniya və
Fransa rəhbərliyi Rusiya ilə dialoqun aparılması təklifinə görə digər ittifaq
ölkələrin sərt reaksiyası ilə üzləşib”.
Sfera.az-ın məlumatına görə, bunu politoloq Məhəmməd
Əsədullazadə deyib. O bildirib ki, bu
problemlərin növbəti böhranı yaratması istisna deyil:
"ABŞ prezindenti Co Baydenin Avropa turnesi məhz
Avropa ölkələri ilə Vaşinqton arasında münasibətlərin qaydaya salınması və müttəfiq
münasibətlərin yeni keyfiyyətə qaldırmasına hesablanıb. Çünki yeni çağırışlar
formalaşır və yeni dünya nizamında Rusiya və Çin ABŞ-a qarşı cəbhə
formalaşdırır, Avropa İttifaqı ilə əməkdaşlığı
inkişaf etdirib, parçalamağa çalışırlar. Baydenin siyasəti Rusiyaya qarşı vahid
cəbhədə birləşməklə, Çinə qarşıda yeni strateji xətt ortaya qoymaqdır. O, bu
səfərlə bir sıra strateji planına nail oldu. Amma problemlər qalır və Avropa
İttifaqı yenidən "soyuq müharibə" mərhələsinə keçməkdə israrlı deyil.
Burada Almaniya və Fransa rəhbərliyinin rolu daha da qabarıq görünür”.
"Beynəlxalq siyasi münasibətlərdə böhranlı vəziyyət
davam edir və ABŞ Avropa İttifaqı ilə birgə Rusiyanın Avropaya qarşı kiber və hərbi
təzyiqlərinin qarşısını almaq üçün Şərqi Avropada mövqelərini gücləndirir. Həmçinin
Qara dənizdə ABŞ-Ukrayna hərbi təlimləri keçirilir. Demək olar ki, bu prosesdə
Böyük Britaniya da yer alır. Ötən gün Qara dənizdə Rusiya gəmilərindən İngiltərə
gəmisinə açılan atəş məhz bu böhranın göstəricisidir. Davam etməkdə olan
böhranın mütləq bir müharibəyə gətirib çıxarmaq riski var.
Cənubi Qafqazda Qarabağ müharibəsinin
başlanması, davam edən beynəlxalq böhran
fonunun nəticəsi idi. Bu münaqişənin qalibiyyətlə və beynəlxalq hüquq çərçivəsində
sona çatması, Şərqi Avropada Rusiya təhlükəsinə qarşı yeni bir mərhələnin
başlanmasına gətirib çıxardı. Bu müharibə başlanğıc olaraq Şərqi Avropada növbəti
müharibənin başlanmasına gətirib çıxaracaq. Əgər, Donbas münaqişəsi
başlayacaqsa, Ukrayna öz ərazi bütövlüyü çərçivəsində müharibəni həll edəcək”.
M.Əsədullazadə son olaraq bildirib ki, Qərblə
Rusiya arasında davam edən hazırkı böhran Azərbaycanın mövqelərini gücləndirir:
"Regionda yeni bir sülh prosesinin başlanmasına rəvac verir. Hər üç Cənubi
Qafqaz ölkəsi Avropa ilə əməkdaşlığı yeni mərhələyə qaldıra biləcəklərsə,
regionda sülh və əməkdaşlıq formatı yaradılacaq. Azərbaycanla Avropa İttifaqı və
NATO arasında yeni bir əməkdaşlıq formatı yaradılır. İki təşkilatla Azərbaycan əlaqələri
inkişaf etdirməli və siyasi dəstəyini almalıdır”.