“Taliban İran və Rusiya ilə qarşı-qarşıya gələcək” – ABŞ-ın yeni Əfqanıstan layihəsi

11:40 / 28.06.2021
1961
"Talibanın güclənməsi ABŞ-ın Rusiya və İrana
qarşı hazırladığı meqa layihədir. Bir müddətdən sonra belə davam edəcəyi təqdirdə,
Taliban İran və Rusiya ilə qarşı-qarşıya gələcək”.
Bu sözləri Sfera.az-a açıqlamasında ABŞ
qoşunlarının Əfqanıstandan çıxmağa başlaması ərəfəsində bu ölkədəki Taliban hərəkatının
yenidən güclənməsinin arxasında hansı planların dayandığına aydınlıq gətirərkən,
politoloq Cümşüd Nuriyev deyib:
"Bu günlərdə Əfqanıstan prezidnti Abdulqani
ABŞ Prezidenti Co Baydenlə görüşüb. Görüşdə Bayden üzdə Əfqanıstan hökumətini dəstəkləyəcəklərini
bəyan edib. Amma hələlik heç bir real dəstək
verilmir. ABŞ qoşunlarının oradan çəkilməsilə Əfqanıstan yenidən qarışacaq”.
C. Nuriyev bu qənaətdədir ki, Talibanı gücləndirməkdə
ABŞ-ın məqsədi sonradan onu Rusiya və İranla üz-üzə qoymaqdan ibarətdir: "Burada əsas məqsəd heç də Əfqanıstanda
qarmaqarışıqlıq yaradılmasına hesablanmayıb. Əsas məqsəd Rusiya ilə bağlıdır. Taliban
Əfqanıstanda gücləndikcə, Orta Asiya, xüsusən də Rusiya qoşunlarının yerləşdiyi
Tacıkistan qarışacaq. Məqsəd də Talibanla Rusiyanı üz-üzə qoymaq və şimal ölkəsini
çökdürməyə hesablanıb”.
C. Nuriyev düşünür ki, bu qarşıdurma uzunmüddətli
proses üçün nəzərdə tutulub: "Burada dövlətlər arasında müharibə getməyəcək.
Sadəcə, çəkişmə Taliban qrupu ilə Tacikstandakı rus hərbi qüvvələri arasında
olacaq. Layihə məhz bu məqsədə
hesablanıb və deyərdim ki, siyasi-hərbi cəhətdən uğurlu layihədir. Ona görə də
Vaşinqtonun istəyinə uyğun Talibanın getdikcə əvvəlki tək güclənəcəyi gözləniləndir.
Bir müddətdən sonra belə davam edəcəyi təqdirdə, Taliban İran və Rusiya ilə
qarşı-qarşıya gələcək. Proses uzunmüddətli və ağır olacaq. ABŞ heç nəyi təsadüfi etmir. Hər şey əvvəlcədən
planlaşdırılıb”.
Rüfət SULTAN