“Rusiya Ukraynanın NATO-ya qəbulunu özünün qırmızı xətti elan edib” - Açıqlama

Dünya
15:11 / 24.06.2021
1475
"Rusiya NATO ölkələrinin iştirakı ilə Ukrayna
ordusunun modernləşdirilməsi və donanmasının dirçəldilməsinə yönəlik həmlələrdən
ciddi şəkildə narahatdır”.
Sfera.az-ın məlumatına görə bu sözləri Rusiya hərbçilərinin
Qara dənizdə, Krım yarımadası
yaxınlığındakı Fiolent burnu rayonunda Böyük Britaniyanın "Defender”
eskadra minadaşıyan gəmisinə xəbərdarlıq atəşi açması barədə danışarkən,
politoloq Şahin Cəfərli deyib: "Moskva Britaniya gəmisinin ölkə ərazi sularını
pozaraq 3 km irəlilədiyini iddia edir. Bunun həqiqət olub-olmadığını deyə bilmərik”.
Həmsöhbətimizin fikrincə, Kremli qıcıqlandıran
iyunun 21-də "Defender”ın göyərtəsində Ukrayna və Büyük Britaniya hökumətləri
arasında imzalanan sənəd olub: "Ukrayna müdafiə nazirinin müavini Aleksandr
Mironyuk və Britaniya hökumətinin müdafiə sahəsində alqı-satqılar üzrə naziri
Ceremi Kvin tərəfindən imzalanmış Memorandumda hərbi gəmilərin birgə layihələndirilməsi
və tikintisi, Ukrayna gəmiqayırma müəssisələrinin rekonstruksiyası və Ukrayna Hərbi
Dəniz Qüvvələri üçün iki bazanın tikintisi nəzərdə tutulur.
Zelenskinin ötən ilin oktyabrında Londona səfəri
zamanı imzalanmış sazişə əsasən isə Britaniya Ukrayna ordusu və hərbi
donanmasının inkişafı üçün 1,25 milyard funt-sterlinq ayırıb”.
Politoloq qeyd etdi ki, Rusiyanı Ukrayna ordusunun
modernləşdirilməsi və donanmasının dirçəldilməsinə yönəlik addımlar ciddi şəkildə
qıcıqlandırır. Xüsusən də bu prosesdə
NATO-nun iştirakını Moskva həzm edə bilmir: "Çünki bu halda Ukraynanı çəkindirən yeganə vasitə kimi Rusiyanın əlində
olan sərt güc alətinin siyasi təsiri azalır və müqavimət imkanları artan
Ukrayna Moskvanın tələblərini daha inamla rədd edir.
Rüfət SULTAN