“Nə qədər icra başçısı tutuldu, nə dəyişdi?” – Erkin Qədirli

12:07 / 23.06.2021
1499
"Dövlət yol seçə bilmir, o öncədən çəkilmiş yolla
gedir. Buna keçilmiş yoldan asılılıq deyirlər. Azərbaycan da bu mənada istisna
deyil”.
Sfera.az bildirir ki, bunu Milli Məclisin deputatı
Erkin Qədirli deyib. O bildirib ki, ölkəmizin Sovet, rus imperial keçmişi var və
bunların hamısı üst-üstə yığılıraq bizi ya geriyə dartır, ya da sürətlənməyə
imkan vermir:
"Siyasətin çoxu yerlərdə həll olunmalıdır. Nə qədər
icra başçısı tutuldu, nə dəyişdi? Sistem yanlış olduğuna görə bu sistemin içində
insanların yerini dəyişməklə, daha yaxşılarını gətirməklə çox uzağa getmək
olmaz. Yaxşılar bir müddət sonra ya özləri çıxacaqlar, sistemdən atılacaqlar ya
da qalıb sistemə uyğunlaşacaqlar. Ona görə də islahat məsələsi daha dərin
düşünülməlidir və bir az cəsarət tələb edir. Cəsarət də güvən məsələsidir.
Anlaşılan odur ki, bizim cəmiyyətdə iqtidara da, müxalifətə də olan güvən
böhran vəziyyətindədir. İnsanlar bir-birinə etibar etmirlər.
Tutaq ki, nəsə qadağan olundu və biz hesab edirik
ki, bu ədalətsiz qanundur. Onun ədalətsiz olması bir yana, axı heç tətbiq də
edilmir. Belə çıxır ki, biriləri üçün o qadağa olduğu halda, başqaları üçün
yoxdur. Qadağa hamı – elita, cəmiyyət üçün də olmalıdır. Amma bizdə belə deyil.
Azərbaycanı dəyişmək, irəli aparmaq üçün birinci qaydalara əməl olunmalıdır.
Qoy, bir müddət ədalətsiz olsun, amma tətbiq edilməlidir. Ədalətsiz olmasına
sonra baxarıq, dəyişərik. Bizdə problem odur ki, heç elitanın öz içində anlaşma
olmayıb. Tək-tük kiçik qruplar arasında onun rüşeymini görmək olar. Bu da hörmətdən
yaranan bir şeydir. Azərbaycanda onun iqtisadiyyatını indiki durumdan çıxaran
siyasət heç də liberal olmamalıdır. Sadəcə ədalətli olmalıdır”.
Günay