“Nə qədər icra başçısı tutuldu, nə dəyişdi?” – Erkin Qədirli

“Nə qədər icra başçısı tutuldu, nə dəyişdi?” – Erkin Qədirli
"Dövlət yol seçə bilmir, o öncədən çəkilmiş yolla gedir. Buna keçilmiş yoldan asılılıq deyirlər. Azərbaycan da bu mənada istisna deyil”.

Sfera.az bildirir ki, bunu Milli Məclisin deputatı Erkin Qədirli deyib. O bildirib ki, ölkəmizin Sovet, rus imperial keçmişi var və bunların hamısı üst-üstə yığılıraq bizi ya geriyə dartır, ya da sürətlənməyə imkan vermir:

"Siyasətin çoxu yerlərdə həll olunmalıdır. Nə qədər icra başçısı tutuldu, nə dəyişdi? Sistem yanlış olduğuna görə bu sistemin içində insanların yerini dəyişməklə, daha yaxşılarını gətirməklə çox uzağa getmək olmaz. Yaxşılar bir müddət sonra ya özləri çıxacaqlar, sistemdən atılacaqlar ya da qalıb sistemə uyğunlaşacaqlar. Ona görə də islahat məsələsi daha dərin düşünülməlidir və bir az cəsarət tələb edir. Cəsarət də güvən məsələsidir. Anlaşılan odur ki, bizim cəmiyyətdə iqtidara da, müxalifətə də olan güvən böhran vəziyyətindədir. İnsanlar bir-birinə etibar etmirlər.
 
Tutaq ki, nəsə qadağan olundu və biz hesab edirik ki, bu ədalətsiz qanundur. Onun ədalətsiz olması bir yana, axı heç tətbiq də edilmir. Belə çıxır ki, biriləri üçün o qadağa olduğu halda, başqaları üçün yoxdur. Qadağa hamı – elita, cəmiyyət üçün də olmalıdır. Amma bizdə belə deyil. Azərbaycanı dəyişmək, irəli aparmaq üçün birinci qaydalara əməl olunmalıdır. Qoy, bir müddət ədalətsiz olsun, amma tətbiq edilməlidir. Ədalətsiz olmasına sonra baxarıq, dəyişərik. Bizdə problem odur ki, heç elitanın öz içində anlaşma olmayıb. Tək-tük kiçik qruplar arasında onun rüşeymini görmək olar. Bu da hörmətdən yaranan bir şeydir. Azərbaycanda onun iqtisadiyyatını indiki durumdan çıxaran siyasət heç də liberal olmamalıdır. Sadəcə ədalətli olmalıdır”.

E.Qədirli həmçinin qeyd edib ki,  Azərbaycanda mahiyyət etibarilə respublika yoxdur: "Bu isə Vətən Müharibəsini qazanmağa nəinki, mane olmadı, əksinə imkan yaratdı. Həmişə deyirdilər ki, Azərbaycanda demokratiya qurulmasa, biz Qarabağı qaytara bilmərik. Bu mövzuları yanlış olaraq bir-birinə bağlamağa çalışırlar və bunu bir propaqandaya çevirirlər. İllərdir əksini desəm də, daha çox o biri tərəfin səsi eşidilirdi”.
 
Günay
 

OXŞAR XƏBƏRLƏR