Daha hansı rayonlarımızın mina xəritələri veriləcək? – “Yaxın günlərdə Zəngilan və Cəbrayıl...”

11:31 / 23.06.2021
2165
"Ara Ayvazyanın ifşası Ermənistanın digər rayonlar
üzrə mina xəritələrini də Azərbaycana verməsi prosesini sürətləndirəcək. Zəngilan,
Cəbrayıl rayonlarının mina xəritələri bu günlərdə Azərbaycana təhvil veriləcək”.
Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanın Təhlükəsizlik
Şurasının katibi Armen Qriqoryanın eks xarici işlər naziri Ara Ayvazyanı
minalanmış ərazilərin xəritəsinin olmadığını deməklə onların Azərbaycana verilməsinə
mane olması haqda bəyanatına münasibət bildirərkən, politoloq Qabil Hüseynli
deyib.
Politoloqun fikrincə, bu açıqlama onu göstərir ki,
Paşinyan hökuməti kifayət qədər inamlı hərkət etməkdə davam edir: "Onun fəaliyyətində
Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün bəlli siyasi iradənin
işartıları görünür”.
Q. Hüseynli qeyd edib ki, Ara Ayvazyan mina xəritələrinin
verilməsinə mane olmaqla yanaşı beynəlxalq ictimaiyyəti də aldatmağa cəhd göstərib:
"Necə ola bilər ki, böyük bir ərazilərə mina
basdırırlar, amma Ayvazyan xarici həmkarları ilə görüşdə həyasızcasına mina xəritələrinin
olmadığını bəyan edir? Amerikaya qaçan polkovnikin dediyinə görə, 17 maşından
çox minanı tək Kəlbəcər və Laçına döşəyiblər.
Bundan daha çox minanı isə Füzuli, Ağdam, Zəngilan və digər rayonlara
basdırıblar. Hərbidə piyadalar və tank əleyhinə basdırılan minalar xəritəyə
alınır. Basdırılan yerin kordinatları müəyyənləşdirilir. Bu mənada Ayvazyanın
ifşası onun humanist dəyərlərdən xeyli uzaq olduğunu göstərdi. O, tam təsadüf nəticəsində
xarici işlər naziri olub. Tədricən həqiqət üzə çıxır. Ağdamla bağlı mina xəritələri
üzə çıxdı. Deməli, digər ərazilərlə
bağlı da mina xəritələri var. Bu xəritələr də Azərbaycana verilməlidir”.
"Bildiyimə görə, Zəngilan, Cəbrayıl rayonlarının mina xəritələri bu günlərdə Azərbaycana təhvil veriləcək. Ermənistanda seçki eyforiyası arxada qalıb. Bundan sonra Ermənistan Azərbaycanla daha normal və səmərəli əlaqələr qurmağa çalışacaq”.
Rüfət SULTAN