Bu il inflyasiya proqnozdan yüksək ola bilər

İqtisadiyyat
12:22 / 21.06.2021
2011
Bu il Azərbaycanda qiymət artımları əvvəlki illərə nisbətən daha böyükdür. İlin əvvəlində 3,3 faiz olan bahalaşma sürəti, mayda 4,9 faizə yüksəlib.
Sfera.az xatırladır ki, Mərkəzi Bank 2021-ci ildə maksimum 6 faiz inflyasiyanın olacağını proqnozlaşdırır. Amma mövcud vəziyyətdə qiymətlərin daha çox yüksələcəyinə dair narahatçılıq var.
Bəs, hazırkı qlobal qiymət artımlarını və daxili tələbi nəzərə alsaq, bu il qiymət artımlarının hədəflənən maksimum həddi keçməsi mümkündürmü?
Sfera.az saytına danışan iqtisadçı-ekspert Fuad İbrahimov hesab edir ki, illik inflyasiyanın 1-5 faiz intervalında olması normaldır. Onun sözlərinə görə qiymət artımlarının bu intervaldan 0,5 faiz bəndi kənarlaşması da məqbul hesab olunur.
F.İbrahimovun qənaətincə, ilin ilk yarısında bahalaşma sürətinin güclənməsi qlobal əmtəə qiymətlərinin yüksəlməsi, Azərbaycanda iqtisadi aktivliyin artması və dizel yanacağının bahalaşması ilə bağlıdır:
"Pandemiya dövründən sonra həm dünyada, həm də Azərbaycanda iqtisadiyyat aktivləşmə mərhələsinə daxil olduğuna görə adətən qiymətlərdə impulsiv yüksəliş olur. Bu vəziyyətdə sonradan impulsiv təsirlər zəifləyir və inflyasiya tempindəki artım dayanır.
Xarici amillərlə bərabər bu il dizel yanacağının qiymətinin 33 faiz artması da bahalaşma sürətini artırdı. Eyni zamanda ayrı-ayrı məhsullar üzrə inhisarçılar vəziyyətdən istifadə edib qiymətləri normadan çox artırdılar”.
Ekspert düşünür ki, ilin ikinci yarısında bu amillərin təsiri zəifləyəcək və inflyasiya Mərkəzi Bankın hədəflədiyi dəhlizi keçməyəcək. Bununla belə o tövsiyə edir ki, dövlət nəzarət orqanları bazarda süni qiymət artımının qarşısını almalıdır.
F.İbrahimov əks halda bahalaşmanın proqnozlaşdırılan həddi keçməsinin mümkün olacağını dedi.
Vasif
Sfera.az