“Türkiyədən corab-tuman almaqdansa, birgə müəssisələr quraq” – İqtisadçıdan etiraz

“Türkiyədən corab-tuman almaqdansa, birgə müəssisələr quraq” – İqtisadçıdan etiraz
"Türkiyədən idxalın artması ölkədən daha çox valyutanın çıxması deməkdir. Bu isə manata basqıların artması ilə nəticələnəcək. Lirə zatən ucuzdur, ucuzlaşması daha da artacaq. Türkiyədən idxal daha cəlbedici hala gəlib, deməli, bizim yerli istehsalın yaranması perspektivi də xeyli azalır”.

Sfera.az-ın məlumatına görə bunu iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki,  Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin yüksəlməsi lazımdır:

"Amma Azərbaycan üçün daha önəmli olanı birgə müəssisələrin yaradılması istiqamətidir. Türkiyənin yüngül sənaye (tekstil), mebel, məişət texnikası və s. sahələrin istehsalında böyük potensialı və təcrübəsi var. Əsasən də işğaldan azad edilən regionlarda böyük tekstil fabriklərinin, yeni sanəye müəssisələrinin yaradılması istiqaməti üstünlük təşkil etməlidir. Bu həm yeni iş yerləri, həm də Azərbaycan üçün yeni ixrac potensialı deməkdir”.

İqtisadçı xatırladıb ki, Azərbaycanın onsuz da ciddi logistik və coğrafi üstünlüyü var: "Türkiyədən corab-tuman almaqdansa, bunun üçün valyuta xərcləməkdənsə, qardaş ölkə ilə birgə müəssisələr açıb Azərbaycandan Rusiyaya, Orta Asiya ölkələrinə, Ukraynaya tekstil, mebel, məişət texnikası ixrac etmək daha məntiqli və doğru yoldur. Pambığı xammal kimi satmaqdansa, ondan pal-paltar istehsal etmək daha yaxşıdır. Fikrimcə, qarşılıqlı ticarət dövriyyəsinin artırılmasındansa, birgə istehsalın genişlənməsinə daha çox önəm verilməlidir”.

Günay
 

OXŞAR XƏBƏRLƏR