Neft bahalaşmağa davam edir: Azərbaycana hansı dividentlər gətirəcək?

15:16 / 04.06.2021
2693
2021-ci ildə neftin qiyməti Azərbaycan üçün əlverişli məcraya yönəlib. İlin əvvəlindən neft qiymətləri davamlı yüksələrək 70 dollar səviyyəsinə çatıb.
Sfera.az bildirir ki, bu qiymət səviyyəsi Azərbaycanın gəlirlərinin artması, iqtisadi sabitliyin əldə edilməsi, manata inamın güclənməsi baxımından əhəmiyyətlidir.
Müqayisə göstərir ki, ilin əvvəlindən bəri "Brent” neftinin qiyməti 38 faiz, son bir ildə 70 faiz artıb. Artımlardan sonra neftin orta ixrac qiyməti 50 dolları ötüb.
2021-ci ilin yanvar-may aylarında qeydə alınan orta qiymət dövlət büdcəsinin və Dövlət Neft Fondununu gəlirlərinin hesablanması zamanı proqnozlaşdırılan qiymətdən (40 dollar) təxminən 25 faiz yüksəkdir.
Bəs, qiymət artımları Azərbaycana hansı dividentlər gətirəcək?
Qiymət artımı ilk növbədə Azərbaycanın xarici ticarət və cari əməliyyatlar balansına müsbət təsir göstərəcək. Azərbaycanın ixracında neft-qaz sektorunun payı 90 faiz səviyyəsindədir. Qiymətlərin yüksəlməsi ixracımızın həcminin artmasına imkan yaradır. Daha çox ixrac isə xarici ticarət balansının yaxşılaşmasına və cari əməliyyatlar balansında proqnozlaşdırılan kəsirin qapanmasına kömək edir.
Proqnoza əsasən, neftin orta qiyməti 40 dollar səviyyəsində olarsa, 2021-ci ildə cari əməliyyatlar balansında 1 milyard dollardan çox kəsir yaranacaq. Lakin orta qiymət 50 faiz artarsa, o zaman cari əməliyyatlar balansında nəinki kəsir azalacaq, hətta balans müsbət müstəviyə keçəcək. Çünki neft bahalaşdıqca xam neft satışı ilə yanaşı, neft məhsullarının, təbii qazın da ixracından daha böyük gəlirlərin əldə edilməsi mümkün olacaq.
Cari əməliyyatlar balansının müsbət olması maliyyə əməliyyatları balansına da müsbət təsir göstərir. Sərmayəçilər adətən cari əməliyyatlar balansına diqqət yetirərək investisiyalarını həyata keçirirlər. Cari əməliyyatlarda kəsir yarandıqda ölkəmizdən sərmayə və sərbəst vəsait çıxışı daha böyük məbləğdə müşahidə edilir. Balans müsbət olduqda isə əks proses baş verir.
Cari əməliyyatlar balansının tarazlaşması makroiqtisadi sabitliyin yaranmasını və dollar/manat kursunun sabit qalmasını təmin edəcək. Məzənnənin sabit qalması manata inamı gücləndirir, milli valyutada yığımları artırır.
Yüksələn qiymətlər Dövlət Neft Fondunun gəlirlərinə də müsbət təsir edir. 2021-ci ildə neftin orta qiyməti 40 dollar proqnozlaşdırılmaqla Neft Fondunun gəlirlərinin 8 milyard manat olacağı güman edilir. Bunun 6,44 milyard manatı Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə olunacaq. Yanvar-may ayının nəticələri göstərir ki, indki qiymətlərlə karbohidrogenlərin satışından əldə olunacaq gəlir ən azı 2-2,5 milyard manat artacaq. Bu ehtimal daxilində Dövlət Neft Fondunun büdcəsində kəsir 4,25 milyard manat yox 1,8-2,25 milyard manat olacaq.
Neftin bahalaşması dövlət büdcəsinin gəlirlərinə də müsbət təsir göstərməsi baxımından əhəmiyyətlidir. Bu il neft sekrtoru üzrə büdcə gəlirlərinin 2 milyard manata yaxın hissəsi neft-qaz sektorundan alınan vergilərin payına düşəcək. Neft bahalaşdıqca sektor üzrə gəlirlər artdığından dövlət büdcəsinin vergi gəlirləri də yüksələcək. Bu hal dövlət büdcəsində proqnozlaşdırılan 3 milyard manatdan çox kəsirin kiçilməsinə səbəb olacaq.
Vasif
Sfera.az