Rusiyaya tərəvəz ixrac edən istehsalçılarımız 2 aydır problemlə üzləşir

İqtisadiyyat
11:55 / 04.06.2021
2026
Rusiyaya tərəvəz ixrac edən istehsalçılarımız iki aydan çoxdur ki, şimal sərhəd-keçid məntəqəsində problemlə üzləşir. İstehsalçılar və ixracatçılar məhsullarını Rusiya bazarına vaxtında çatdırmaqda çətinlik çəkirlər.
Sfera.az bildirir ki, Azərbaycanın tərəvəz məhsulları istehsalçılarının Rusiya bazarına can atması təsadüfi deyil. Çünki ölkəmizin ixrac etdiyi tərəvəz məhsullarının 90 faizindən çoxunu Rusiya alır. Rusiya bazarından yüksək asılılıq bütün çətinliklərə baxmayaraq istehsalçıları bu ölkəyə üz tutmağa məcbur edir.
Rəsmi məlumatlara əsasən, Azərbaycan 2020-ci ildə 288 min ton, 2021-ci ilin 48,1 min ton tərəvəz ixrac edib. 2020-ci ildə ixrac olunan tərəvəzin 270 min tonu, yəni 93,75 faizi Rusiyaya satılıb.
Rusiya tərəvəz məhsulları arasında daha çox pomidor (180 min ton), kartof (69 min ton), baş soğan (7 min ton), xiyar (4,9 min ton) alıb.
Bu məlumatlar göstərir ki, Rusiyanın Azərbaycandan tərəvəz idxalını azaltması və ya müəyyən müddət dayandırması kənd təsərrüfatı məhsulları istehsalçılarını çətin vəziyyətə salır.
Vasif
Sfera.az