Ərzaq məhsullarının kəskin bahalaşmasının qarşısı necə alınmalı? – “Gömrük rüsumu və ƏDV azaldılmalıdır”

17:01 / 03.06.2021
2543
Son bir neçə ay ərzində bir çox ərzaq məhsulları
üzrə kəskin bahalaşma müşahidə olunur. Xüsusilə də yağ və şəkərin qiymətində
ciddi artımların olduğu bildirilir.
Maraqlıdır, ərzaq məhsullarının qiymətində nisbi
ucuzlaşma gözlənilirmi, bu istiqamətdə hansı addımlar atılmalıdır?
Mövzunu Sfera.az-a şərh edən iqtisadçı ekspert
Natiq Cəfərli 3 ay müddətinə gömrük rüsumlarının ləğvi təklifini irəli sürüb.
Ekspert hökumətin inzibati müdaxiləsinin yox, iqtisadi müdaxilələrin önəmli
olmasını bildirib:
"Qiymətlərin artım
səbəbləri
müxtəlif olduğu kimi onların tənzimləmə mexanizmləri də müxtəlifdir. Azərbaycan
hökuməti bu sahələrdə qiymətlərin tənzimlənməsinə qısa zamanda nail olmaq istəyirsə,
belə məqamda inzibati müdaxilələrdənsə, iqtisadi müdaxilələr önəmlidir. Yəni, ölkədə
qiyməti bahalaşan ərzaq məhsulları varsa və yerli istehsal bunu tam qarşılamaq
qabiliyyətində deyilsə, həmin növ məhsulların xaricdən gətirilməsində müvəqqəti
olaraq gömrük rüsumlarını sıfırlamaq olar. Məsələn, payız aylarınadək 3 aylıq
müddətlə bu addımı atmaq olar.
Bundan sonra bazardakı gedişatı izləmək imkanı
olacaq və bəlli olacaq ki, qiymətlər hansı yöndə dəyişir. Çünki bizdə daxili
istehsal həm şəkər, həm süd, həm yağ məhsulları ilə bağlı tələbatımızı ödəmir. Ödənilən
hissə çox az qismdir.
Daxili istehsal adıyla bazara çıxarılan məhsulların
da xammalı xaricdən gəlir. Xaricdən, əsasən də Ukraynadan alınan şəkər burada
sadəcə qablaşdırılır. Bu səbəbdən çox qısa zamanda qiymətlərin tənzimlənməsi üçün
gömrük rüsumları və vergi dərəcələrinə hökumətin müdaxilə etmək imkanları və fürsətləri
var. Çox təəssüf ki, biz bunu görmürük. Daxili bazarda artımın olmasının bir
çox səbəbləri mövcuddur. Əsas səbəblərdən biri də yanvar ayında dizel yanacağının
qiymətinin qalxması idi".
N.Cəfərli qiymətlərin bahalaşması ilə bağlı hökumətə
dəfələrlə xəbərdarlıq edildiyini bildirib. Ekspert qiymətlərin ucuzlaşmasına səbəb
olan amillərdən də danışıb: "Aqrar sektorda dizel yanacağı maya dəyərinin
35-40%-ni təşkil edir. Birdən-birə dizelin qiymətinin 34% artması artıq yaz
mövsümündən başlayaraq kənd təsərrüfatı məhsullarının emal edilməsində, əkin-biçinində
qiymətlərə sürətlə təsir etməyə başladı. Hökumət rəsmiləri deyirdilər ki, artımın olmaması
üçün biz təşviq proqramları formalaşdıracağıq, konpensasiyalar verəcəyik. Biz
isə bunun tam əksini gördük.
Kompensasiyaların, subsidiyaların verilməsi də yetərli
deyil. Yerli istehsal məhsullarının qiymətinin artması daşınma və əkin-biçinin
bahalaşması ilə əlaqədardır. Azad bazar iqtisadiyyatı dövründə hökumət qiymət təyin
etməməlidir. Gömrük rüsumları və vergi dərəcələri ilə müəyyən sahədə stimullaşdırma
proqramlarının həyata keçirilməsinə və qiymətlərin bazarın özü tərəfindən tənzimlənməsinə
nail olmaq olar. Məsələn, bizdə gömrük rüsumları 15 faiz, əlavə dəyər vergisi
isə 18 faizdir. Üst-üstə gəldikdə ölkəyə daxil olan məhsuldan təxminən 34-35% gömrük
rüsumu və ƏDV alınır. Bunların
azaldılması qiymətlərin ucuzlaşmasına səbəb olacaq".
Əzizə Zeynal
Sfera.az