Türkiyə dünyada ilk sıraya yüksəldi - Mənzillərin bahalaşma sürətinə görə...

13:52 / 03.06.2021
2039
2021-ci ilin martında Türkiyədə mənzil qiymətləri illik müqayisədə 32 faiz artıb.
Türkiyə mənzillərin bahalaşma sürətinə görə dünyada ilk sıraya yüksəlib.
Qiymət artımının böyüklüyünə görə Türkiyədən sonra növbəti yerləri Yeni Zellandiya (22,1 faiz), Lüksemburq (16,6 faiz), ABŞ (13,2 faiz) tutur.
Sfera.az "Bloomberg” saytına istinadən xəbər verir ki, bununla bağlı araşdırmanı mənzil və kommersiya əmlakları üzrə beynəlxalq məsləhətçi şirkət olan "Knight Frank” aparıb.
Adıçəkilən şirkət dünyada mənzil qiymətlərinin orta hesabla 7,3 faiz artdığını müəyyənləşdirib. Məsləhətçi şirkət qiymətlərdəki belə sürətli artımın sonuncu dəfə 2006-2008-ci ildə müşahidə olunduğunu bildirib.
Türkiyədə daha yüksək qiymət artımları İzmirdə (34 faiz), Ankarada (30,3 faiz) və İstanbulda (29 faiz) qeydə alınıb. Məlumatlara görə, Türkiyədə mənzillərin bir kvadrat metrinin orta qiyməti 4 150 lirə (553 dollar) təşkil edib. Bu göstərici İstanbulda 6447 lirə (860 dollar), İzmirdə 5026 lirə (670 dollar), Ankarada 3084 lirədir (410 dollar).
Qeyd edək ki, hər il Azərbaycan vətəndaşları Türkiyədən çoxlu sayda mənzil alır. İl ərzində alınan mənzillərin sayı 1000-1500 ədəd olur.
Vasif
Sfera.az