Dövlətə yük olan qurumlar – Həm gəlir gətirmirlər, həm də milyardlarla dollarlıq xarici borca salırlar

13:24 / 02.06.2021
2246
Azərbaycanda
dövlətə məxsus 30-dan çox iri şirkət var. Onların əksəriyyəti xalis gəlir gətirmir
və dövlətin büdcəsi üçün böyük yükdür. Dövlət hər il bu şirkətlərə büdcədən yüz milyonlarla manat məbləğində vəsait
ayırır, onlara xaricdən böyük məbləğdə borc cəlb edir, belə şirkətlrin cari xərclərinin
bir hissəsi belə dövlət tərəfindən ödənilir.
Sfera.az
bildirir ki, 2019-cu ildə dövlət büdcəsindən bu şirkətlərə 3,955 milyard manat
vəsait ayrılıb. Ayrılan məbləğin 3,054 milyard manatı və ya 77,2%-i dövlət əsaslı
vəsait qoyuluşu, 545,4 milyon manatı əvvəlcədən bölgüsü müəyyənləşdirilən xərclər,
251,2 milyon manatı birdəfəlik təyinatlı və tədbirlər üzrə xərclər, 100,9
milyon manatı Ehtiyat Fondları, 3,7 milyon manatı büdcədənkənar xərclər üzrə
olub.
Həmin şirkətlər
ayrılan bu qədər vəsaitin müqabilində dövlət büdcəsinə 1,85 milyard manat vergi
verib. Bu ödənişin də 1,411 milyard manatı SOCAR-ın payına düşüb.
Belə şirkətlər
arasında "Azərsu” ASC, "Azərbaycan Dəmir Yolları” QSC, "Azəriqaz"
QSC, "Azərenerji" QSC xüsusilə seçilir. Büdcəyə "Azərbaycan Dəmir
Yolları” QSC 10,8 milyon manat ödədiyi halda, büdcədən 652 milyon manat,
"Azərsu" 24,6 milyon manat qarşılığında 483,7 milyon manat, "Azəriqaz"
34,2 milyon manat ödədiyi halda 462,3 milyon manat, "Azərenerji" 90,8
milyon manata qarşılıq 403 milyon manat subsidiya alıb. Adıçəkilən böyük şirkətlərin
büdcədən aldığı subsidiya 2 milyard manatdan çoxdur.
Bu şirkətlər
büdcədən ödədiklərindən xeyli çox vəsait almaqla bərabər, dövlətin borc yükünü
də artırır. 2020-ci ilin əvvəlində dövlətin xarici borcu 9,091 milyard dollar
olub. Bunun 390 milyon dolları "Meliorasiya və su təsərrüfatı” ASC-yə,
970,3 milyon dolları "Azərsu"ya, 885,8 milyon dolları "Azərbaycan
Dəmir Yolları” ASC-yə verilib.
Bağlanan
müqavilələrə əsasən "Meliorasiya və su təsərrüfatı” ASC-yə görə 237 milyon
dollar, "Azərsu"ya görə 298 milyon dollar, "Azərbaycan Dəmir
Yolları” ASC-yə görə 482 milyon dollar əlavə borc alınacaq. Bunun nəticəsində
"Azərsu"ya görə dövlətin borcu 1,27 milyard dollara, "Azərbaycan
Dəmir Yolları” ASC-yə görə borc 1,37 milyard dollara yüksələcək.
2020-ci ilin
əvvəlinə olan məlumata əsasən Azərbaycan dövlətinin xarici borcu 9,091 milyard
dollar olub. Bunun 61 faizi (5,55 milyard dollar) dövlət şirkətlərinə görə
yaranan borcdur. Cəlb olunması nəzərdə tutulan borc vəsaitlərini də nəzərə
aldıqda dövlətin xarici borcu 12,43 milyard dollara qədər artacaq. Bu artımda
da əsas pay dövlət şirkətlərinin üzərinə düşür.
Vasif
Sfera.az