Dövlət daxili borclanmanı sürətlə artırır: Fiziki şəxslər də borc kağızı əldə edə bilərmi?

14:53 / 26.05.2021
2198
Ötən il Azərbaycan dövləti daxili borclanmanın həcmini 37,2 faiz artırıb. 2019-cu ildə 1,415 milyard manat olan daxili borcun həcmi 2020-ci ilin sonunda 1,942 milyard manata yüksəlib.
Sfera.az Hesablama Palatasının hazırladığı rəyə istinadən bildirir ki, borc məbləğinin 88,2 faizini dövlət istiqrazları, 11,1 faizini daxili dövlət borcu sayılan şərti öhdəliklər, qalan hissəsini 1992-1996-cı illərdə dövlət büdcəsi kəsirinin örtülməsi üçün Mərkəzi Bankdan alınan borc təşkil edib.
Ötən il ərzində dövlət istiqrazları üzrə borcun məbləği 36,4 faiz və ya 456,7 milyon manat həcmində artıb.
Xatırladaq ki, "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədinə əsasən hökumət daxili borclanmanı artıracaq.
Bəs, mövcud imkanlarla daxili borclanmanı nə qədər artırmaq olar və fiziki şəxslər də bu cür borc kağızlarını əldə edə bilərmi?
İqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, hökumət daxili borclanma məbləğini proqnozlaşdırılandan daha sürətlə artıracaq. Onun fikrincə, buna səbəb büdcə kəsirinin böyüməsidir:
"Daxili borclanmanı artırmaq tələbdən asılıdır. 2021-ci ilin büdcəsi 3,7 milyard manat kəsirlə proqnozlaşdırılıb. Bu, böyük məbləğdir. Onun çox hissəsi məhz daxili borclanma hesabına maliyyələşdiriləcək. Tələbdən asılı olaraq borclanma daha sürətlə gedə bilər. Daha çox borc cəlb etmək üçün hökumət istiqrazlar üzrə faiz dərəcələrini artırmalıdır”.
Ekspert dedi ki, Azərbaycan iqtisadiyyatı və mövcud borc yükü daxildən daha çox borc cəlb edilməsinə imkan verir:
"Borcu artırmaq hüquqi və fiziki şəxslərin yığım imkanından da asılıdır. Əgər bazarda pul yoxdursa, daxildən böyük borcları cəlb etmək mümkün olmayacaq.
Lakin aparılan tədqiqatlar göstərir ki, Azərbaycanda passiv yığım kifayət qədər böyükdür. Bunun səbəbi əhalinin banklarda vəsait saxlamağa ehtiyatla yanaşması, alternativ alətlərdə vəsaitlərin yerləşdirilməsi imkanlarının olmamasıdır. Mövcud vəziyyətdə müxtəlif sosial qruplar arasında passiv yığımlar artır. 2019-cu ildə aparılan müstəqil qiymətləndirməyə əsasən dövriyyədən kənar vəsaitin həcmi təxminən 10 milyard manatdır. Ola bilsin ki, 2020-ci ildə pandemiyanın təsiri ilə gəlirlərin azalması, xərclərin isə artması hesabına yığımların həcmi azalıb. Amma yenə də hesab edirəm ki, dövriyyədən kənarda olan passiv yığımların həcmi böyükdür.
Hətta bankların özündə izafi likvidlik var. Belə bir şərtlər daxilində həmin vəsaitlərin dövlət zəmanəti verilən istiqrazlar emissiya etməklə cəlb etmək olar”.
Dövlətin daxildən borc cəlb etmək üçün emissiya etdiyi istiqrazları fiziki şəxslər də ala bilər. R.Həsənov bildirdi ki, dövlət, istiqraz vərəqlərini fiziki şəxslərin də almasına hər hansı məhdudiyyət tətbiq etmir:
"Amma qiymətli kağızlar bazarının strukturunun zəif inkişaf etməsi və bazarda fiziki şəxslərin iştirakçının zəif olması səbəbindən dövlət istiqrazlarını adətən maliyyə institutları, banklar və sığorta şirkətləri alır. Hökumət qiymətli kağızlar bazarını inkişaf etdirməklə, əhali tərəfindən istiqraz alışını genişləndirə bilər”.
Vasif
Sfera.az