“DAVAM”ın təşəbbüsü ilə \"New Media Hub\" platforması təsis edildi - FOTO

14:38 / 26.05.2021
1997
"DAVAM” Ümumrespublika Gənclər Hərəkatının təşəbbüsü, "Trend” informasiya agentliyi, "Yeni Müsavat” və "Teleqraf” media qrupları ilə birgə "New Media Hub" platforması təsis edilib.
Sfera.az xəbər verir ki, bu platforma gənc jurnalistlərin, blogerlərin yetişdirilməsi, onların təcrübə qazanması və bu təcrübədən istifadə edərək davamçı jurnalist kimi fəaliyyət göstərməsi məqsədilə yaradılıb.
Platforma daxilində gənc jurnalist və blogerlərin layihəyə cəlb edilməsi, onların xüsusi təlim, seminar, praktika və görüşlərdə iştirakı təmin ediləcək.
"DAVAM"ın sədri Nihat Allahyarlı sözügedən layihənin təqdimatı ilə əlaqədar təşkil edilən mətbuat konfransında platforma barədə məlumat verib:
"Platforma üç media qurumunun təşəbbüsü və iş birliyi ilə yaradılıb. Layihə mütəmadi şəkildə gənc jurnalist və blogerlərin yetişdirilməsini təmin edəcək".
"Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlu sözügedən layihənin mediada çatışmazlıqları aradan qaldıracağını bildirib:
""DAVAM" hərəkatı tərəfindən 3 media qrupu cəlb olunub - Müsavat Media qrupu, Trend informasiya agentliyi və Teleqraf Media qrupu. Hesab edirəm ki, bu layihə Azərbaycan jurnalistikasındakı çatışmazlıqlar üçün faydalı olacaq. Bəzən xəbərlərin verilməsində qüsurların olduğuna şahid oluruq. Biz bu kimi qüsurların aradan qaldırılmasını və xəbər texnologiyasını gənclərə öyrədəcəyik.
Layihəyə qoşulmaq üçün jurnalist təhsili önəmli deyil. "DAVAM" hərəkatı üzərindən layihəyə istənilən gənc müraciət edə bilər".
"Trend" informasiya agentliyinin direktor müavini Sevil Mikayılova layihənin müasir çağırışlara cavab verəcəyini qeyd edib:
"Jurnalistika təhsili kimi nəzəri biliklər də önəmlidir. Jurnalistlərin müasir tələblərə uyğun çağırışlara yiyələnməsi önəmlidir. Bu baxımdan sözügedən layihə gənclərin bu çağırışlara cavab verməsini təmin edəcək. Müasir jurnalistika daha da kreativləşib. Nə qədər çox KİV mövcud olsa, insanların yaxşını seçmək üçün daha çox imkanı olacaq. Həmin o yaxşı media orqanları digərlərini də öz ardı ilə aparacaq".
"Teleqraf" media qrupunun rəhbəri Aynur Camalqızı isə yeni layihənin gənclərin sosial mediada bütün sahələrdə aktiv fəaliyyəti ilə nəticələnəcəyini qeyd edib:
"Mən sosial mediada özümü aktiv hesab edirəm və bizə qonşu olan ölkələrin sosial media seqmentlərini izləyərək özümüzlə müqayisə edirəm. Təəssüflər olsun ki, ortada çox ciddi fərqlər görürəm. Bütün günahı media sahəsinə aid etmək istəmirəm. Bunu müxtəlif sahələrə aid etmək olar. Ortada bilgi, informasiya və intellektuallıq baxımından çox ciddi fərq var. Bir çox hallarda problemlər olduğunu görürəm. Təbii ki, çox yüksək səviyyədə müzakirələr də açılır, həmin müzakirələrdə gənclərin iştirak etməsi çox yaxşıdır. Lakin bir çox hallarda biz gənclərin intellektual müstəvidə iştirakında trolların müzakirəsini görürük.
Mediaya kömək edəcək hər bir addım yüksək qiymətləndirməlidir. O baxımdan düşünürəm ki, yeni yaradılan bu media platforması gənclərimizin yetişdirilməsində, formalaşdırılmasında, onların bizim istədiyimiz səviyyəyə çatmasında çox böyük rola malik olacaq. Çünki indiki gənclərin imkanları bizim imkanlarımızdan daha genişdir. Öncə də dediyim kimi, ən gənc yaşlarından media cihazlarının, informasiya texnologiyalarının içərisində böyüyürlər. Onların texnoloji bilikləri bizim bildiklərimizdən qat-qat çoxdur.
Düşünürəm ki, bu yeni yaradılan media platforması gənclərin daha yüksək səviyyədə yetişməsi və formalaşması istiqamətində çox ciddi addımlar atacaq".
Əzizə Zeynal
Sfera.az