Toyların bərpası bu sahələri yenidən dirçəldəcək - Açıqlama

Toyların bərpası bu sahələri yenidən dirçəldəcək - Açıqlama
"Toylara icazə verilərsə, iqtisadi aktivlik artacaq”.

Sfera.az-ın məlumatına görə, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, onsuz da insanlar bu məqsədlə pul yığıblar və həmin pullar dövriyyədən çıxarılaraq "yastıqaltı” pullara çevrilib:

"Toy və digər bu qəbildən olan mərasimlərə icazə veriləcəyi halda, böyük bir pul kütləsi iqtisadiyyatımıza daxil olacaq. Bu da aktiv dövriyyə həcmlərinin artmasına səbəb olacaq. Dövriyyə həcmi artdıqda isə digər sahələrdə də fəallıq yaranacaq.

Toylara icazə veriləcəyi təqdirdə müsbət tendensiya özünü ilk növbədə işsizliyin azalmasında göstərəcək. Şadlıq saraylarında işləyənlərin sayı ilə bağlı dəqiq statistika olmasa da, amma onminlərlə insanın iş yerinin yenidən fəaliyyətə başlayacağını deyə bilərik. Demək ki, toylara verilən icazə ilk növbədə şadlıq saraylarında iş təminatı hesabına yüz minlərlə insanın rifahına təsir etmiş olacaq”.

Ekspertin sözlərinə görə, toylara icazə verilməsi xidmət sahələrindən olan gözəllik salonlarında, bərbərxanalarda da canlanmaya səbəb olacaq:
 
"Şadlıq sarayları, restoranları məhsulla təchiz edən şirkətlər var ki, onların da aktivliyi, gəliri artacaq. Belə demək mümkündürsə, musiqi sahəsində çalışanların da üzü güləcək. Avtomobil icarəyə verən sahibkarlar var ki, onların da əsas biznesi toy mərasimlərinə bağlı idi. Bu icazədən sonra avtomobil kirayələnməsində də canlanma olacaq. Eyni zamanda paltar kirayələnməsində də bunu müşahidə edəcəyik. Əhalinin demoqrafik artımında da müsbət tendensiya müşahidə ediləcək.
 
Göründüyü kimi bir toya icazə verməklə çox istiqamətda canlanma yaranacaq və bu, vergi yığımının artmasına səbəb olacaq. Bu da dövlət büdcəsinin formalaşmasına müsbət təsir göstərəcək. Vergi tutulmalarının artırılması təbii olaraq dövlət büdcəsinin formalaşmasında, həcminin artmasında böyük rol oynayır. Bundan əlavə, fəaliyyəti dayandırılmış sahələrdə çalışanlara dövlət dəstək göstərirdi ki, dövlət bu yükdən də azad olacaq”.

Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR