Azərbaycanda alıcılıq qabiliyyəti zəifdir – Rəsmi statistika

İqtisadiyyat
13:40 / 24.05.2021
2593
İqtisadi artımın əsas hərəkətverici qüvvəsi olan məcmu daxili tələb pandemiyanın neqativ təsirləri fonunda 2021-ci ilin I rübündə də zəif olub.
Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, yanvar-mart aylarında istehlak xərclərində azalma müşahidə edilib.
Birinci rübdə satılan əmtəə və xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,1% azalaraq 11,5 milyard manat olub. Yanvar-mart aylarında bir istehlakçı orta hesabla ayda 383,7 manat və ya 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 % az vəsait xərcləyib.
Bu dövrdə ticarətin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 % azalaraq 9,5 milyard manat olub. Ticarətlə bərabər cari ilin 3 ayında ictimai iaşə dövriyyəsi 51,2 % azalıb. Həmçinin rüb ərzində əhaliyə göstərilən pullu xidmətlərin dəyəri real ifadədə 11,4 % azalaraq 1,8 milyard manat təşkil edib.
Əhalinin xərclərinin azalmasına pul gəlirlərinin azalması güclü təsir edib. Pandemiya ilə əlaqədar olaraq 2021-ci ilin ilk rübündə əhalinin pul gəlirləri nominal olaraq 1,1 % azalıb və 13,5 milyard manat olub. Gəlirlərin adambaşına düşən hissəsi 1345 manat təşkil edib.
Pandemiya şəraitinin davam etməsi və iqtisadi aktivliyin hələ də tam bərpa olunmaması İstehlakçı İnam İndeksinə də öz təsirini göstərib. Mərkəzi Bankın məlumatına əsasən 2021-ci ilin ilk rübündə keçirilən "Ev təsərrüfatlarının maliyyə davranışları və niyyətləri” sorğusunun nəticələri əsasında hesablanan İstehlakçı İnam İndeksi ötən rübə nəzərən azalıb.
Bu göstərici müxtəlif gəlir səviyyəsinə malik ev təsərrüfatları arasında "Ailənin maliyyə vəziyyəti gözləntisi”, "Ölkənin iqtisadi vəziyyətinə dair gözlənti”, "Pul yığımı ehtimalı” və "İşsizlik gözləntiləri”nə dair sorğulara əsaslanır.
2021-ci ilin yanvar-mart aylarında əsas kapitala sərmayə qoyuluşunun da azalması tələbə mənfi təsir edib. Birinci rübdə ölkə iqtisadiyyatında əsas kapitala 2,4 milyard manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,4 % az vəsait yönəldilib. Azalma əsasən neft-qaz sektoruna qoyulan investisiyaların dinamikası ilə izah edilir. Qeyri neft-qaz sektoruna 1 milyard manat həcmində vəsait yönəldilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,2 % azdır.
Birinci rübdə daxili tələbə yalnız dövlət büdcəsinin xərclərinin artırılması müsbət təsir göstərib. Dövr ərzində dövlət büdcəsinin xərcləri 5,5 milyard manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nəzərən 5,1 % çoxdur.
Vasif
Sfera.az