Kənd təsərrüfatı mallarının ixracı kəskin artdı

Kənd təsərrüfatı mallarının ixracı kəskin artdı
2021-ci ilin ilk 4 ayında Azərbaycandan kənd təsərrüfatı mallarının ixracı kəskin artıb. 

Sfera.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən bildirir ki, kənd təsərrüfatı məhsullarının dəyər ifadəsində ixracı 13,7 faiz artaraq 234,5 milyon dollara çatıb. Ötən ilin eyni dövründə Azərbaycan 206,2 milyon dollar dəyərində aqrar məhsullar ixrac etmişdi. 

Bu ilin 4 ayında ixracın kəskin artması pambıq mahlıcının hesabına təmin olunub. 

2020-ci ilin yanvar-aprel ayları ərzində 44,3 milyon dollarlıq pambıq mahlıcı satan ölkəmiz bu ilin yanvar-aprel ayları ərzində ixracı 96,4 milyon dollara çatdırıb. İllik müqayisədə pambıq mahlıcı ixracı 2,17 dəfə artıb.

İxracda artıma kömək edən digər məhsul növü meyvələr olub. Meyvə ixracı 10 milyon dollar (14,2 faiz) artaraq 80,3 milyon dollara çatıb. 
Adıçəkilən məhsul növləri ilə yanaşı gön-dəri (1 milyon dollar) və heyvandarlıq məhsulları (0,5 milyon dollar) ixracı da artıb. 

Bu il tərəvəz ixracında ciddi azalma baş verib. Pomidor ixracının 31 milyon dollar azalması sayəsində ümumən tərəvəz ixracı 38,7 faiz azalıb. İlk 4 ayda pomidor ixracı 42,3 milyon dollar (ötən ilin yanvar-aprelində 73,3 milyon dollar), tərəvəz ixracı 51,3 milyon dollar (ötən ilin yanvar-aprelində 83,6 milyon dollar) olub. 

Göründüyü kimi, tərəvəz ixracında ciddi azalma baş verməsəydi, kənd təsərrüfatı məhsullarının ixracı daha böyük miqdarda artacaqdı. 

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR