Milyonlarla manata başa gələn yollarımız buna görə dağılır - Gömrük niyə göz yumur?

Milyonlarla manata başa gələn yollarımız buna görə dağılır - Gömrük niyə göz yumur?
Avtomobil yollarının tez sıradan çıxmasının qarşısının alınması, həmçinin hərəkət iştirakçılarına təhlükəli vəziyyətin yaradılmaması üçün ağırçəkili avtomobillərdə kütlə parametrlərinə dair tələblərə əməl edilməsi vacibdir. 

Avtonəqliyyat vasitələri icazə verilən qabarit, çəki və yük parametrlərini aşdıqda onlar yollara zərər vurur, kiçik avtomobillərin hərəkətinə təhlükə yaradır. Bu vəziyyət həm magistral və respublika əhəmiyyətli yollarda, həm də şəhərdaxili yollarda müşahidə edilir. 

Sfera.az bildirir ki, Azərbaycanda hər il respublika və yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması və tikilməsi layihəsi həyata keçirilir. Müşahidələr göstərir ki, ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən həddən artıq yüklənməsi yolları dağıdır. Ölkəmizdəki magistral yolların texniki imkanları nəzərə alınarsa, yük atomobillərinin öz çəkisi ilə birgə götürdüyü yük 40 tonu keçməməlidir. Lakin bir çox hallarda yüklənmə 60 tona, hətta 80 tona çatır ki, bu da tikintisinə yüzmilyonlarla manat vəsait xərclənən yolların sıradan çıxmasına gətirib çıxarır. 

Dağılan yollar digər avtomobilllərin, əsasən də minik avtomobillərinin təhlükəsiz hərəkətinə maneə yaradır. Magistral və respublika əhəmiyyətli yollarda baş verən bir çox qəzanın səbəbi məhz yük maşınlarının dağıtdığı yolların təhlükəsiz hərəkətə imkan verməməsidir. 

Tərəzi nəzarət məntəqələri niyə işə yaramır?

Magistral və respublika əhəmiyyətli yolların artıq yük daşımalar səbəbindən dağılmasının qarşısını almaq üçün "Avtomobil Yollarının Mühafizəsi Xidməti” MMC-yə (Avtomobil Yolları Dövlət Agentliyinə tabedir) və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinə müəyyən səlahiyyətlər verilib. Bu qurumlar birgə avtomobil yollarında tərəzi nəzarət məntəqələri təşkil etməlidir. 

İnzibati Xətalar Məcəlləsinin 353-cü maddəsinə əsasən bu məntəqələrdə kütlə parametrlərinə dair tələblərin pozulduğu aşkarlanarsa, fiziki şəxslər 200 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1400 manatdan 1700 manatadək, hüquqi şəxslər 4000  manatdan 5000 manatadək məbləğdə cərimə edilməlidir.

Fiziki şəxs təkrar xəta törətdikdə nəqliyyat vasitələrini idarə etmə hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılmaqla 1200 manat məbləğində cərimə olunmalıdır. Bu halda vəzifəli şəxslər 2 000 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilməlidir. 

Qaydalara əsasən, tələbləri pozan sürücülər cərimələnməklə bərabər artıq yük boşaldılmalı, sonra nəqliyyat vasitəsinin yolda hərəkətinə icazə verilməlidir. Ancaq əksər hallarda tərəzi nəzarət məntəqələrində artıq çəkiyə göz yumulduğuna dair məlumatlara rast gəlinir. Sürücülər "kiçik ödəniş”lər etməklə məntəqələrdən keçə bilirlər. 

Digər acınacaqlı hal ondan ibarətdir ki, iriqabaritli və ağırçəkili avtomobillər adi qaydada şəhərdaxili yollarda da hərəkət edə bilir. Günün istənilən vaxtında belə avtomobillərə rast gəlmək olar ki, onların da əksəriyyəti "Shacman” markalı yük avtomobilləridir. 

Gömrük də göz yumur

İriqabaritli və ya ağırçəkili avtomobillərin bir çoxu idxal mallarının daşınmasını həyata keçirir. Hər il ölkəmizə idxal əməliyyatları ilə əlaqədar yüz min tonlarla yük avtonəqliyyat vasitələri ilə daşınır. 2019-cu ildə avtomobil nəqliyyatı ilə 2,4 milyon ton yük ölkəmizə gətirilib. Gətirilən yüklərin miqdarı 2020-ci ildə 2,366 milyon ton, 2021-ci ilin yanvar-aprel ayları ərzində 891 min ton yük olub.

Gömrük yoxlanışı zamanı ağırçəkili yük maşınları tərəzi yoxlamasından keçirilməli və burada da çəki normalarına nəzarət olmalıdır. Qabaqcıl ölkələrdə normadan artıq yüklənən avtomobillərin ölkəyə girişinə qadağa qoyulur. 

İqtisadçı-ekspert Nazim Bəydəmirli Sfera.az-a bildirdi ki, gömrük-keçid məntəqələrində yüklərin yoxlanılması ölkədaxili yollardakı yoxlamadan fərqlənir. 

Ekspert dedi ki, gömrükdə sadəcə yüklərin yolların texniki imkanlarına uyğunluğu yox, həm də avtomobilin yükgötürmə qabiliyyəti və sənədlə daşıdığı yükün faktiki yükə uyğunluğu da yoxlanılmalıdır: 

"Yük daşınması avtomobillərə görə fərqləndirilir. Ən ağır yükləri 5 oxlu avtomobillər götürə bilər ki, burada da norma 35 tondur. Əgər yük normadan artıqdırsa, gömrük əməkdaşının avtomobilin yola çıxmasına izacə verməmək hüququ var. Yaxud, avtomobildəki yük sənəddə göstərilən miqdardan çoxdursa və ya azdırsa, gömrükçü onu buraxmamalıdır”. 

N.Bəydəmirli söylədi ki, bütün gömrük keçid məntəqələrində tərəzi quraşdırılıb və gömrük əməkdaşları qanunun tələblərinə uyğun yüklərin uyğunluğunu yoxlamalıdır. Ekspert bildirdi ki, bir qayda olaraq ixrac-idxal əməliyyatları ilə məşğul olan şirkətlər yükdaşıma normativlərinə əməl edir. Onun sözlərinə görə, yük daşınmasında normativlərin pozulması əsasən daxili yük daşımalarda müşahidə olunur: 

"Beynəlxaq yük daşıyıcı şirkətlər hər avtomobilə nə qədər yük vurulmalı olduğunu bilir. Gömrük orqanı yükləri yoxlayan zaman əsasən qaçaqmalçılıq ehtimallarına diqqət yetirir. Yükün miqdarı sənədlərdə olan miqdara uyğun gəlməyəndə, həmin maşın qaçarmalçılıq ehtimalı nəzərə alınaraq buraxılmır”.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR