Tahir Salahov Bakıda dəfn ediləcək

Cəmiyyət
11:37 / 21.05.2021
1745
Ömrünün 92-ci ilində Almaniyada vəfat edən görkəmli Azərbaycan rəssamı Tahir Salahov Bakıda dəfn ediləcək.
Sfera.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə rəssamın qızı Aydan Salahova bildirib.
"O, bu gecə ağciyər iltihabından vəfat edib”, – A.Salahova deyib.
Onun sözlərinə görə, T.Salahov Bakıda dəfn ediləcək, dəfn tarixi bir qədər sonra məlum olacaq, hazırda səfirliklə danışıqlar aparılır.
Qeyd edək ki, professor Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində anadan olub. O, 1945-ci ildə Bakı şəhərində orta məktəbi bitirib. 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirdikdən sonra V.İ.Muxina adına Leninqrad ali rəssamlıq sənaye məktəbinə daxil olub. 1951-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq (İncəsənət) İnstitutuna daxil olub.
Azərbaycan Ensiklopediyasının redaksiya heyətinin üzvüdür. Moskvada isə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri yanında Mədəniyyət Şurasının üzvü seçilib.
T.Salahov Bakıda yaşadığı dövrdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Respublika Ali Sovetinin deputatı, 1973-cü ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi, 1997-ci ildə isə Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti seçilib.